AZ

Fransada süni intellektlə casusluq dövrü başlayır: hərbi kəşfiyyat 26 şirkətlə gizli əməkdaşlığa start verir

Fransanın hərbi kəşfiyyat orqanı - DRM, iyul ayında istifadəyə veriləcək yeni süni intellekt əsaslı "Piranha" adlı casusluq proqramı üçün 26-dan çox özəl şirkətlə danışıqlara başlayıb. 

Olaylar.az xəbər verir ki, məqsəd kəşfiyyat və təhlil sahəsində dövlətin texniki imkanlarını genişləndirmək, AI alətləri ilə daha dərinə getməkdir.

Fransa Müdafiə Nazirliyi bu proqram çərçivəsində 12 fərqli sahə üzrə xidmət axtarır. Bura analitika, texniki dəstək, məlumatların toplanması, böyük verilənlərin emalı və hətta açıq mənbələrdən məlumat toplama (OSINT) kimi sahələr daxildir.

Bu layihədə iştirak uğrunda Forward Global, Amarante International, Dromology Analytics, Cassini Conseil və digər tanınmış analitik-konsaltinq şirkətləri mübarizə aparır.

Sahədə diqqət çəkən yeni oyunçu isə La Mètis adlı şirkətdir. Onun rəhbəri - keçmiş hərbi kəşfiyyatçı Filipp Şarlodur. Onun rəhbərlik etdiyi komanda "Rnest" adlı süni intellekt proqramı hazırlayıb və deyilir ki, bu proqram artıq bəzi Fransa kəşfiyyat qurumları tərəfindən sınaqdan keçirilib.

Şirkətin öz bəyanatına görə, Rnest müstəqil işləyir və daha çox korporativ casusluq - yəni şirkətlər üçün təhlükə və rəqib monitorinqi sahəsində istifadə olunur. Onların müştəriləri arasında TotalEnergies, BNP Paribas və Société Générale kimi nəhənglər də var.

Yeni texnoloji platforma, DRM-in artıq istifadəyə verdiyi Artemis adlı süni intellekt sisteminə qoşulacaq. Bütün bu sistemlər birlikdə Fransanın gələcəkdə həm müharibə meydanında, həm də diplomatik cəbhədə daha çevik və məlumatlı olmasına xidmət edəcək.

Əvvəllər DRM, əks-kəşfiyyat orqanı olan DGSI-dən dəstəklə texniki bilik alırdı. İndi isə məqsəd - süni intellekt texnologiyalarında tam müstəqillik və üstünlük qazanmaqdır.

Fransa kəşfiyyatı artıq klassik casusluq üsullarından uzaqlaşır. Yeni mərhələdə robot casuslar, süni intellektlə işləyən təhlil sistemləri və özəl şirkətlərin əməkdaşlığı ilə oyun qaydaları dəyişir. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
olaylar.az

1Mənbələr