İngiltərənin “Vulverhempton” klubunun malili dayaq yarımmüdafiəçisi Bubakar Traore yenidən keçmiş komandası “Mets”ə qayıdıb.
Arena.az bu barədə Fransa klubunun rəsmi saytına istinadən xəbər verir.
Liqa 1 təmsilçisi 23 yaşlı futbolçunu 2025/2026-cı illər mövsümünün sonunadək icarəyə götürüb. Müqavilədə futbolçunun transfer hüquqlarının alınmasına dair şərt nəzərdə tutulmayıb.
Bubakar Traore Malinin “Bamako” klubunun yetirməsidir. O, 2019-cu ildə məhz bu klubdan 350 min avro müqabilində “Mets”ə transfer edilib. “Vulverhempton” Bubakarı 2022-ci ildə 2 milyon avro qarşılığında bir mövsümlük icarəyə götürüb. 203-cü ilin yayında isə İngiltərə klubu daha 11 milyon avro ödəməklə onun transfer hüquqlarını da alıb.
Traore “Vulverhempton”un əsas komandasında 41 oyuna 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Onun “Mets” karyerası isə 33 oyun, 2 qol və 1 assistdən ibarətdir.
Dayaq yarımmüdafiəçisi Malinin U-20, U-23 və əsas yığmalarında oynayıb. Amma 23 yaşlı futbolçu 2022-ci ildə əsas millidə debüt etdikdən sonra oynamaq şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 23 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.
