AZ

22 min heyvan dişləməsi qeydə alınıb

Yazını böyüt
Yazını kiçilt

Bu ilin 6 ayında Azərbaycanda 22 minə yaxın heyvan dişləməsi hadisəsi olub. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanovanın sözlərinə görə, dişləmə hadisələri ötən ilin 6 ayı ilə müqayisədə artıb, lakin quduzluq hadisəsi qeydə alınmayıb.

O bildirib ki, canavar və tülki dişləməsi nəticəsində quduzluq riski daha yüksək olur.

A.Qurbanova dişləmə hadisələri zamanı həkiməqədər görülən ilk tibbi tədbirləri açıqlayıb: “Zədə alınan nahiyə maksimum axar su altında yuyulmalıdır. 72 faiz sabun varsa, həmin nahiyə yuyulmalıdır. Virusun məhv olunmasına bununla nail ola bilərik. Spirt, yodla da həmin an ilkin tibbi yardım edilə bilər. Artıq ikinci mərhələdə həkimə mütləq müraciət edilməlidir. Bundan sonra həkim müalicə kursu yazır”.

Həkim bildirib ki, heyvan dişləməsinə məruz qalan hər bir şəxs, yaşından asılı olmayaraq, dərhal tibb müəssisəsinə müraciət etməli, quduzluq əleyhinə vaksin vurdurmalıdır. Onun sözlərinə görə, yuxarı lokalizasiyalı zədələnmələrdə və quduzluq diaqnozu təsdiqlənmiş heyvan dişləmələri hallarında antirabik vaksinlə yanaşı, antirabik immunoqlobulindəndə istifadə edilir. Eyni zamanda, tetanus xəstəliyindən qorunmaq üçün tetanus əleyhinə anatoksin vurulur. Heyvan tərəfindən zədələnməyə məruz qalan şəxsin müalicə kursu tibb müəssisəsində həkim – cərrah tərəfindən təyin edilir.

Xəstə məlum heyvan dişləməsinə məruz qaldıqda və o heyvan 10 gün müddətində sağ qaldıqda, şərti müalicə kursu təyin edilir: “Əgər heyvan naməlumdursa və ya məlum olan halda belə 10 gün müddətində ölmüşdürsə, o zaman xəsarət alana qeyri-şərti müalicə kursu təyin edilir”.

A.Qurbanova bildirib ki, şərti müalicə zamanı xəstəyə zədələnmənin 0, 3 və 7-ci günləri antirabik vaksin vurulur: “Qeyri-şərti zamanı xəstəyə zədələnmənin 0, 3, 7, 14 və 28-ci günləri antirabik vaksin vurulur. Qeyd edim ki, bu iynələrin hər biri əzələdaxilinə yeridilir”.

Onun sözlərinə görə, xəstəliyə yoluxma quduz heyvanların dişləməsi, cırmaqlaması və ya zədələnmiş dəri və selikli qişaya heyvanların ağız suyunun təması nəticəsində baş verir. Virus zədə nahiyəsindən insan orqanizminə daxil olduqdan sonra törədici sinir hüceyrələri vasitəsilə mərkəzi sinir sisteminə daxil olur və burada viruslar toplanır, nəticədə ensefalit inkişaf edir. Sonradan virus tüpürcək vəzilərinə daxil olaraq orada intensiv çoxalmağa başlayır.

A.Qurbanova qeyd edib ki, quduzluq xəstəliyi çox ağır əlamətlərlə xarakterizə olunur və əksər hallarda ölümlə nəticələnir: “Heyvanlarda gizli inkubasiya dövrü 10 gündən 3-8 həftəyə qədər davam edir. İnkubasiya dövründən sonra heyvanda oyanma, ağız suyu axması, qusma, sudan qorxma əlamətləri meydana çıxır. Heyvanlar gizli dövrün sonunda (xəstəlik təzahürlərindən 2-10 gün əvvəl) yoluxucu olur. İnsanlarda quduzluğun gizli dövrü əsasən 1-2 ay davam etsə də, 1 həftəyə qədər qısala bilir, 3-4 aydan 1 ilə qədər uzana bilər. Gizli dövrün müddəti xəstənin yaşından, immun sisteminin vəziyyətindən, zədələnmənin növündən (cırmaqlama, dişləmə, tüpürcəkləmə) və lokalizasiyasından asılıdır. Belə ki, uşaqlarda və dişlənmə nahiyəsi nə qədər mərkəzi sinir sisteminə yaxın olarsa, xəstəliyin inkubasiya dövrü bir qədər qısa olur”.

Şöbə müdiri bildirib ki, xəstəliyin insanlarda inkişafının 3 mərhələsi var:

“İlk öncə xəstəlik zədə və ya yara yerinin birbaşa narahat etməsi ilə başlayır. Xəstədə depressiv hal və yuxunun pozulması əlamətləri müşahidə olunur. Bədənin hərarəti subfebril olur. İknci mərhələdə qıcolmalar, spazmlar, işıqdan və sudan qorxma (hydrofobiya), psixomotor oyanma əlamətləri müşahidə edilir. Üçüncü mərhələdə xəstə hərəkətsizləşir, bədənin hərarəti 40 dərəcəyə qədər qalxır. Bu zaman xəstə komatoz və paraliç vəziyyətinə düşür, ürək-tənəffüs çatışmamazlığından vəfat edə bilər”.

Mövzu ilə bağlı tibbi eksperti Adil Qeybulla deyib ki, itlərin xüsusilə, sahibsiz itlərin insanları dişləməsi təhlükəlidir: “İt dişləməsi nəticəsində dərinin tamlığı pozulur, yumşaq toxumaların deşilmiş və cırılmış yarası əmələ gəlir. İtlərin ağzında çoxlu xəstəlik törədən mikroblar, tetanus xəstəliyi törədiciləri və quduzluq virusları olur. İt dişləyən zaman itin tüpürcəyi ilə birlikdə həmin mikroblar yaraya düşür və ordan da qana keçir. Virus bədənə düşdükdən sonra çoxalmağa başlayır, xüsusilə, sinir hüceyrələrinin zədələnməsi baş verir. İnsanlarda sudan qorxma, işıqdan qorxma əlamətləri olur. Getdikcə beyin pozuntuları və sinir impulslarının pozulması baş verir və insan boğulmadan, qırtlaq bölgəsində qıcolmalardan dünyasını dəyişir”.

Tibbi ekspert qeyd edir ki, istənilən halda heyvan dişləməsi zamanı dərhal tədbir görmək lazımdır. İlk növbədə, həmin heyvan 40 gün nəzarətdə saxlanılmalıdır. İnsana profilaktik olaraq quduzluq əleyhinə vaksin vurulmalıdır. 40 gün ərzində heyvanda hər hansı qəribə hallara rast gəlməsəniz, qorxuya ehtiyac yoxdur.

Seçilən
24
hafta.az

1Mənbələr