AZ

Şiddətlə müşahidə olunan qadın cinayətləri

Yazını böyüt
Yazını kiçilt

İyulun 16-da Bakının Yasamal rayonunda kişi öz həyat yoldaşını ov tüfəngi ilə güllələyib. Cəmi bir neçə gün sonra Gəncədə 21 yaşlı qız döyülərək qətlə yetirilib. Çinayəti törətməkdə şübhəli bilənən ata saxlanılıb. Hadisələr fərqli olsa da, ortaq bir nöqtə var – qurban qadındır, cinayətkar isə ailənin kişi üzvü. Təəssüflər olsun ki, ölkəmizdə qadınların ən böyük təhlükəsi çox zaman onların öz evlərindən gəlir. Bəs görəsən, bu artan şiddət dalğasının səbəbi nədir? Kişilər  aqressivləşib, yoxsa problemin daha dərin səbəbləri var?

Mövzu ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib ki, dünyada və cəmiyyətdə baş verən gərginliklər ailələrə təsirsiz ötüşmür: “Psixososial vəziyyətlə bağlı ciddi işlər görülməlidir. Qaynar xətlər çoxalmalıdır ki, şəxs ilkin gərginlik dövründə psixoloji dəstək alsın. Təbii ki, sosial dəstək məsələləri də öz yerində olmalıdır. Bundan başqa, ictimai rəydə qadınla bağlı aqressiya var. O, adətən günahkar və xəyanətkar kimi göstərilir. Bütün məsələlərin kökündə yenə də qadın dayanır. Qadına dəstək məsələsi lazımınca göstərilmir. Mahiyyətcə hazırda qadınlara daha çox dəstək göstərilməlidir. Ölkəmizdə uşaqlarla bağlı strategiya var və ciddi işlər görülür. Amma təəssüf ki, qadınlarla bağlı məsələdə biz bunu müşahidə edə bilmirik. İcra hakimiyyətlərinin bu məsələdə rolu artırılmalı, ailəyə müdaxilə proqramları olmalı, ailə ilə iş gücləndirilməli, evlərə gedilməli, psixoloq mütəmadi bu seansları aparmalıdır. Tam xidmət paketi təqdim edilməlidir ki, konfliktin ilk və yaxud orta mərhələsində müdaxilə proqramları işə düşsün. Bu bizdə yoxdur.  Ötən ay Azərbaycanda 20 qadın keçmiş əri, qardaşı və ya atası tərəfindən öldürülüb. Mədəni səviyyə aşağı düşdükcə zorakılıq halları yüksəlir. Qədim zamanlarda insanlar elə də təhsilli deyildilər, amma ənənəvi davranış modelləri var idi. Qadın qorunur, ona hörmət göstərilirdi, indi isə bu ənənə yoxdur”.

Məsələ ilə bağlı psixoloq Vəfa Rəşidova bildirib ki, ilk növbədə hər şey kişi və qadının bir-birinə olan qarşılıqlı hörmətindən başlayır: "Hörmət və sayğı artıq unudulmuş bir anlayışdır. Hər şey hörmətsizlikdən başlayır. Bir kişinin qadına qarşı şiddətinin altında onu cılız görməsi, maddi baxımdan aşağı hesab etməsi və s. kimi amillər rol oynayır".

Psixoloq qeyd edib ki, birini öldürmək hissi heyvani bir hissdir: “Bəzən qadınlar çarəsizlikdən, maddi-mənəvi dəstəklərinin olmamasından susurlar. Susmaları isə sonda ölümlə nəticələnir. Əgər bir dəfə o şiddətə məruz qalmısansa, deməli, davamı da gələcək. Ona görə ailələr psixoloqlara müraciət etməlidirlər. Bəzi ailələr bundan çəkinirlər. Cəmiyyətimizdə psixoloqa müraciət etmək hələ də bəzən ayıb, zəiflik və ya psixi problem kimi qəbul olunur. Halbuki inkişaf etmiş ölkələrdə ailə üzvlərinin psixoloqla mütəmadi işləməsi, qarşılıqlı anlaşmanın və münasibətlərin daha sağlam şəkildə formalaşması üçün vacib addım sayılır. Ailə daxilində baş verən anlaşılmazlıqlar, stres, valideyn-övlad münasibətlərindəki gərginliklər və digər emosional yüklər zamanla bu cür hadisələrə səbəb ola bilər".

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev isə bildirir ki, məişət zorakılığı təkcə Azərbaycanda yox, bir sıra ölkələrdə müzakirə mövzusudur. Onun fikrincə, məişət zorakılığı təkcə qadına qarşı yox, kişilərə qarşı zorakılıq kimi də qiymətləndirməlidir: “Zorakılığın ən çətin identifikasiya forması emosional-psixoloji zorakılıqdır. Bu forma daha çox qadınlar tərəfindən kişilərə tətbiq olunur. Sadəcə, Azərbaycan ənənəvi cəmiyyət olduğu üçün kişilər aidiyyəti ünvanlara bununla bağlı müraciət etmirlər. Qadınlar övladlarına da şiddət göstərirlər, yəni ailə konflikti zəminində aqressiya uşaqlara yönəlir. Azərbaycanda “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanundan irəli gələrək məişət zorakılığı törədən şəxsə qarşı hüquqi məsuliyyət nəzərdə tutulur. Yanaşma fərqlidir, səbəblər çoxdur. Məlumdur ki, cəmiyyətimizdə düşüncə transformasiyası baş verir, qadınlar köhnə qaydalarla yaşamaq istəmirlər, kişilər də köhnə qaydalarla idarə edə bilmirlər. Qadınların iqtisadi cəhətdən asılılığı azaldıqca daha müstəqil, daha azad, eqoist həyata meyllənirlər. Bu da köhnə təfəkkürlü, mühafizəkar kişiləri qane etmir, onlar yeni şəraitə uyğunlaşa bilmirlər, buna görə də qadınlara qarşı dözümsüzlük göstərirlər. Kişilər daha çox qısqanclıq zəminində, xəyanət əsaslı zorakılıq törədirlər. Sosial şəbəkələr xəyanəti üzə çıxarıb, həm də xəyanət üçün şərait yaradıb. Bu da ailədə münaqişə yaradır".

Onun fikrincə, Azərbaycan kimi ənənəvi cəmiyyətlərin əsaslarını sarsıtmaq məqsədi güdən bəzi Qərb mərkəzli qüvvələr gender bərabərliyi adı altında ölkəmizdə qadın-kişi qarşıdurması yaratmağa çalışırlar: “Boşanmaların statistikasına nəzər salanda müəyyən təsirlər özünü göstərir. Hesab edirəm ki, Azərbaycanda qadın hüquqları ilə bağlı maarifləndirmə işləri sahəsində buraxılan bəzi səhvlər də qarşılıqlı aqressiya yaradır. Buna görə də həssas yanaşma olmalı, ailə münaqişələri efirlərə daşınmamalıdır. Fikrimcə, müvafiq qurumlar münaqişəli ailələri qeydə almalı, onlarla sosial-psixoloji iş aparılmalıdır. Eyni zamanda hesab edirəm ki, sosial mediada ailə dəyərlərini deqradasiyaya uğradan filmlərin, verilişlərin yayımı dayandırılmalıdır. Yanaşma rasional olmalı, gəncləri ailə dəyərlərinə daha düzgün hazırlamalıyıq”.

Seçilən
22
1
hafta.az

2Mənbələr