AZ

“KQB” arxivləri bağlı, Rusiyada milyonlarla azərbaycanlı: Kremlin təsirindən necə çıxmışıq?..- Sabiq baş diplomat aydınlaşdırır...

 
“Azərbaycandakı bəzi keçmiş postsovet siyasi elitasının qalıqlarının hələ də bu yeni reallıqlara uyğun dünya görüşləri formalaşdırmaqda çətinlik çəkdiklərini görürük. Lakin  onların da baxşlarının zamanla dəyişməsi və daha reallığa yaxınlaşması vacibdir...”
 
Son vaxtlar Azərbaycan-Rusiya münasibətləri barədə danışılarkən bəzi politoloq və siyasi şərhçilər tərəfindən Azərbaycanın guya artıq Rusiya təsirindən tamamilə çıxması ilə bağlı fikirlər səslənir. Həqiqətən, bəzi sahələrdə Azərbaycan-Rusiya münasibətlərinin əvvəlki səviyyələrindən uzaqlaşdığını görmək mümkündür. Lakin bir sıra başlıca məqamlar var ki, onlar aradan qaldırılmadan  Azərbaycan tam mənada yaxın keçmişdə müstəmləkəsi olduğu Rusiya imperiyasının təsirindən tam çıxmasını söyləmək çətindir. Xüsusən  də Rusiya ilə əlaqədar keçmiş “KQB" arxivlərinin 34 illik müstəqillik dövründə bağlı qalması, eləcə də “5-ci kolon”un fəaliyyətdə olması, həmçinin iki ölkə arasındakı geniş ticari və iqtisadi əlaqələr, həmçinin Rusiya ərazisində Azərbaycan əhalisinin xeyki hissəsinin gündəlik dolanışığını təmin edən milyonlarla soydaşımızın mövcudluğu kimi faktorlar mütləq nəzərə alınmalıdır. Bəs belə bir şəraitdə, Azərbaycan nə dərəcədə Rusiyanın təsirindən çıxıb? Bu sual hələ də açıq qalır...
Mövzu ilə bağlı “Azərbaycan Rusiyanın təsirindən çıxıb” fikrinin müəlliflərindən biri olan keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Moderator.az-a açıqlamasında bunları söyləyib:
 
“Siz doğru qeyd etdiniz ki, mən də bir müddət öncə bu məsələyə dair öz fikirlərimi paylaşmağa başlamışdım. Belə fikirlər əsasən ondan irəli gəlir ki, artıq Rusiya özündə keçmiş təsir imkanlarını və mexanizmlərini itirib. Postsovet məkanında, xüsusilə də öz qonşularına qarşı Rusiya bu təsirini əvvəlki kimi asanlıqla təmin edə bilmir. Bu, tarixi və qaçılmaz bir prosesdir və bu prosesin davamı artıq özünü daha açıq şəkildə göstərir.
 
Bu gün biz görürük ki, həmin proses Azərbaycanda və digər ölkələrdə özünü müxtəlif şəkildə ifadə edir. Azərbaycanda isə xüsusilə, əvvəlki idarəetmə mexanizmləri və münasibət qaydaları dəyişir. Artıq beynəlxalq hüququn və qarşılıqlı maraqların əsas götürüldüyü yeni münasibətlər formalaşır. Kremldəki bəzi siyasi liderlər, xüsusilə də imperiya düşüncəli olanlar hələ də bu gerçəkliklə barışmaq istəmirlər. Lakin reallıq onları da bu yeni vəziyyətə uyğunlaşmağa məcbur edəcək, çünki bu artıq qaçılmaz bir prosesdir...
 
İndi Azərbaycandakı bəzi keçmiş postsovet siyasi elitasının qalıqlarının hələ də bu yeni reallıqlara uyğun dünya görüşləri formalaşdırmaqda çətinlik çəkdiklərini görürük. Lakin  onların da baxşlarının zamanla dəyişməsi və daha reallığa yaxınlaşması vacibdir. Azərbaycanda daxili siyasi stabillik artıq cəmiyyətin sifarişinə və ortaq məqsədinə çevrilib. Çünki biz görürük ki, artıq heç kim ölkədə vəziyyəti destabilizə etmək və xarici qüvvələrin müdaxiləsinə zəmin yaratmaq istəmir. Həmçinin bu prosesləri Ermənistanda da görmək mümkündür. Hətta Gürcüstanda belə, bəzi elementlər mövcuddur. Lakin Azərbaycandakı mənzərə fərqlidir və burada bu cəhdlər mövcud olsa da, onlar daha diqqətlə izlənməli və qarşısı alınmalıdır. Bundan əlavə, sosial və hətta etnik problemləri qabardaraq, onları ölkənin daxili sabitliyinə qarşı istifadə etmək cəhdləri olacaqdır. Bu cəhdləri daha çox gözləməliyik... Bu məsələlərə dair geniş müzakirələr və təhlillər aparmaq vacibdir. Hər nə qədər bunlar gözlənilən addımlar olsa da, əminəm ki, vəziyyət diqqətlə izlənir və hər an yeni təhlillər və tədbirlər görülə bilər. Azərbaycanın təhlükəsizlik strukturları bu məsələləri yaxından izləyir və lazım olan tədbirlər vaxtında həyata keçiriləcəkdir. Buna mənim şübhəm yoxdur...”
 
Sultan Laçın
 
Seçilən
24
moderator.az

1Mənbələr