Tbilisi, 28 iyul, AZƏRTAC
Cari ilin iyunun 1-nə olan məlumata görə, Gürcüstanda 875 mindən çox şəxs yaşa görə pensiya alır. Onların 257,2 mini kişi, 617,8 mini isə qadındır.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin Sosial Xidmətlər Agentliyi məlumat yayıb. Bildirilib ki, 2025-ci il yanvarın 1-i ilə müqayisədə pensiyaçıların sayı 10,1 min nəfər artıb. Əhalinin əksəriyyəti 75 yaşa çatmamış şəxslərdir. Hazırda ölkədə 90 yaşdan yuxarı 12 min 400 pensiyaçı var ki, onların da 3 mini kişi, 9,4 mini qadındır. Uzunömürlülərin əsas hissəsi Tbilisi və İmereti bölgəsində yaşayır. Pensiyaçıların təxminən dörddə biri paytaxt Tbilisidə məskunlaşıb. İkinci yerdə İmereti, üçüncü yerdə isə Sameqrelo-Zemo Svaneti bölgəsi gəlir. Ən az pensiyaçı isə Quriya, Mtsxeta-Mtianeti, Raça-Leçxumi və Zemo Svanetidə qeydiyyatdadır.
Gürcüstan qanunvericiliyinə əsasən, qadınlar 60, kişilər isə 65 yaşdan pensiya almaq hüququna malikdir. 2025-ci il yanvarın 1-dən etibarən yaşa görə pensiyanın məbləği 350 və 450 lari təşkil edir.
Ölkədə pensiyalar hər il indeksasiya olunur. 70 yaşadək pensiyaçılar üçün pensiyalar inflyasiya səviyyəsinə, 70 yaşdan yuxarı şəxslər üçün isə həm inflyasiya, həm də iqtisadi artımın 80 faizinə uyğun olaraq artırılır. Toplanılan pensiya sisteminə qoşulanlar isə dövlət pensiyasına əlavə olaraq yığımlardan da faydalanırlar. Bu yığımlar gözlənilən ömür uzunluğu və əmanətlərin ümumi məbləğinə əsasən hesablanır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi