Bakı, 28 iyul, AZƏRTAC
Zəngəzur dəhlizi yeni tarixi şəraitdə iqtisadi və siyasi baxımdan bütöv olan köhnə coğrafiyanın yenidən bərpası hadisəsidir. Bu səbəbdən də dəhlizin hansı şərtlərdə, hansı hüquqi statusda və hansı rejimdə açılması məsələsi təkcə Azərbaycan üçün deyil, bütövlükdə Anadolu, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda marağı olan bütün aktorların diqqət mərkəzindədir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu söyləyib.
Deputat qeyd edib ki, Zəngəzur dəhlizi, sadəcə, nəqliyyat-kommunikasiya vasitəsi deyil, eyni zamanda, mühüm geostrateji layihədir. Ona görə də nə zaman bu dəhlizdən və onun hüquqi statusundan danışılırsa, dünyanın ən strateji güc mərkəzlərində bu məsələyə dərhal münasibət bildirilir, proseslərə müdaxilə cəhdləri müşahidə olunur. Prezident İlham Əliyevin Şuşada keçirilən III Qlobal Media Forumunda Zəngəzur dəhlizinin təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün strateji əhəmiyyətini bir daha vurğulaması da bu səbəbdəndir.
Hikmət Babaoğlu vurğulayıb ki, əslində, məsələnin mürəkkəb olduğu qədər də sadə tərəfi var. Əgər bu dəhlizə sırf iqtisadi, kommunikasiya funksiyası baxımından yanaşsaq və imperialist maraqları kənara qoysaq, görərik ki, burada çox böyük perspektivlər var. Bu baxımdan maraqlar uzlaşdırıla bilər. Ancaq Ermənistan müxtəlif hüquqi manipulyasiyalarla bu dəhlizin açılmasını öz suverenliyinə təhdid kimi görür və onu dəstəkləyən xarici qüvvələr də bu yanaşmanı davam etdirirlər. Eyni zamanda, bəzi güc mərkəzlərinin də dəhlizdə nəzarət rıçaqları əldə etmək cəhdləri onun açılmasını əngəlləyir.
Zəngəzur dəhlizinin bu günə qədər açılmamasını yalnız Ermənistanın daxili vəziyyəti ilə izah etməyin düzgün olmadığını vurğulayan parlamentari deyib: “Bu, eyni zamanda, dəhlizə müxtəlif geostrateji prizmadan baxışın nəticəsidir. Bu mürəkkəb vəziyyətdə dəyişməyən və aydın olan mövqe isə Azərbaycanın mövqeyidir. Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq, öz ərazisindən öz ərazisinə maneəsiz keçid istəyir. Dünyada belə nümunələr kifayət qədərdir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sovet dövründə belə bu dəhliz təhlükəsiz deyildi, ona görə də bu gün Azərbaycan vətəndaşlarının istifadə edəcəkləri Zəngəzur dəhlizinin xüsusi təhlükəsizlik rejimi olmalıdır”.
Hikmət Babaoğlu sovet dövründə bu dəhlizin faktiki olaraq Azərbaycana məxsus olduğunu da vurğulayıb. “Bir zamanlar İrəvan-Bakı qatarı ilə gedib gələn biri kimi yaxşı xatırlayıram ki, o vaxt İrəvan-Bakı qatarı bu dəhlizdən keçirdi və texniki xidmət Azərbaycan SSR-in Dəmir Yolları tərəfindən təmin edilirdi. Dəhliz üzərində yerləşən stansiyalarda satılan biletlər “Azərbaycan Dəmir Yolları”na aid idi və bu, biletlərin üzərində açıq şəkildə göstərilirdi. Həmin stansiyalarda çalışan texniki heyət və kommunikasiya mühəndisləri məhz “Azərbaycan Dəmir Yolları”nın əməkdaşları idilər və əməkhaqqılarını da Azərbaycandan alırdılar. Dolayısı ilə hələ sovet dövründə bu dəhliz bir növ Azərbaycana məxsus idi. Həmçinin qatar dəhliz boyunca Rusiya sərhəd qoşunları tərəfindən hər vaqonun qapısında bir əsgər olmaqla İmişli rayonunun Bəhramtəpə stansiyasına qədər müşayiət olunurdu. Bu faktlar Zəngəzur dəhlizinin iki mühüm xüsusiyyətini bir daha təsdiqləyir. Birincisi, yolun strateji və təhlükəsizlik baxımdan nə qədər əhəmiyyətli olmasıdır. İkincisi isə bu yolun tarixən və texniki baxımdan Azərbaycana aid olması faktıdır”, - deyə o əlavə edib.
Deputat diqqətə çatdırıb ki, Azərbaycanın bu gün də dəhlizin təhlükəsizliyini təmin etmək təşəbbüsü var və optimal variant kimi ya ölkəmizin etibar etdiyi bir tərəfdən təhlükəsizlik zəmanətinin verilməsi, ya da keçidin maneəsiz təmin olunması. Bu prosesdə Azərbaycanın maraqlarının qorunması hüquqi əsaslarla təmin edilməlidir.
Sonda H.Babaoğlu vurğulayıb ki, Ermənistan tərəfi dəhlizin hüquqi rejimi və təhlükəsizlik məsələləri ilə bağlı manipulyasiyalara son qoymalıdır. Ən mühüm zəmanət isə Qərbi azərbaycanlıların Zəngəzur dəhlizi boyunca tarixi torpaqlarına qayıtmaları və dəhlizin onların təhlükəsizliyi ilə birlikdə qorunmasıdır. Bu, eyni zamanda, Ermənistanla Azərbaycan arasında etimad mühitini gücləndirəcək və uzunmüddətli sülhə zəmin yaradacaq.