AZ

Rusiya Ermənistanda yeni güc mərkəzi yaratmağa çalışır – Karapetyan FAKTORU nələri dəyişə bilər?

Peşəkarlardan ibarət yeni siyasi qüvvənin yaradılması və ona rusiyalı erməni əsilli iş adamı Samvel Karapetyanın rəhbərlik etməsi Ermənistanın daxili siyasi həyatında mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Məsələ ilə bağlı Editor.az-a açıqlamasında siyasi analitik Kənan Novruzov bildirib ki, bu, təkcə Ermənistanın daxilindəki siyasi rəqabətlə yox, həm də Moskvanın regionda artan maraqları ilə birbaşa əlaqəlidir.

Onun sözlərinə görə, Rusiyaya yaxınlığı ilə tanınan Samvel Karapetyanın belə bir təşəbbüslə önə çıxması Ermənistan hakimiyyəti üçün ciddi alternativin formalaşması deməkdir:

“İqtidara qarşı alternativ partiyaya Karapetyanın rəhbərlik etməsi Rusiyanın Ermənistana qarşı növbəti təzyiq vasitəsi kimi qiymətləndirilə bilər. Bu addım, Kremlin Cənubi Qafqazdakı strateji mövqelərini qorumaq üçün apardığı siyasətin tərkib hissəsidir. Ermənistanda kilsə ilə hakimiyyət arasında uzun müddətdir davam edən gərginlik də məhz Rusiyanın təsiri ilə idarə olunur.”

Kənan Novruzov hesab edir ki, Karapetyanın siyasi arenaya çıxarılması Moskvanın təşəbbüsüdür və əsas məqsəd Ermənistanı Azərbaycanla sülh sazişi imzalamaqdan yayındırmaqdır:

“Azərbaycan və Ermənistan arasında sülh prosesi irəliləyir və tərəflər demək olar ki, sülhə çox yaxınlaşıblar. Bu vəziyyət isə Rusiyanın maraqlarına uyğun deyil. Ona görə də Moskva regionda gərginliyi artırmaq və ‘suları bulandırmaq’ üçün müxtəlif siyasi fiqurları önə çıxarır.”

Siyasi analitik əlavə edib ki, bu, hələlik Paşinyan hakimiyyəti üçün birbaşa təhdid olmasa da, ciddi xəbərdarlıq siqnalı kimi qəbul olunmalıdır:

“Paşinyan bu gün Karapetyan tərəfindən asanlıqla devriləcək vəziyyətdə deyil. Onun arxasında həm daxili, həm də beynəlxalq dəstək var. Amma Moskva istəsə, Ermənistandakı siyasi tarazlığı dəyişmək üçün kifayət qədər təsir rıçaqlarına malikdir.”

Kənan Novruzov hesab edir ki, Azərbaycanla imzalanacaq mümkün sülh sazişi və Türkiyə ilə münasibətlərin normallaşması Paşinyan hakimiyyətinə dayanıqlılıq qazandıra bilər:

“Əgər Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırarsa, bu, ölkə üçün bir növ ‘təhlükəsizlik çətiri’ rolunu oynaya bilər. Bu da Paşinyanın siyasi mövqeyini gücləndirər və Rusiyanın təzyiqlərinə qarşı müqavimətini artırar.”

//Gülnarə Abasova, Editor.az

Seçilən
8
editor.az

1Mənbələr