"Rusiya Ukraynaya yenidən 330-da artıq dronlarla hücum edib, onlardan 311-i havada məhv edilib..."
İyulun 27-dən 28-nə keçən gecə Rusiya Ukraynaya qarşı müharibə tarixində ən böyük hava hücumlarından birini həyata keçirib. Hədəf – Ukraynanın cənub-qərb istiqaməti, xüsusən də Xmelnitski vilayətinin Starokonstantinov şəhəri olub.
Moderator.az xəbər verir ki, bu barədə "obozrevatel.com" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, cəmi 331 hava hücum vasitəsi: onlarla "Shahed" tipli kamikadze dronlar, imitasiyalı pilotsuz aparatlar, qanadlı X-101 raketləri və aerobalistik "Kinjal" raketləri eyni anda səmada olub.
Hücumun istiqamətləri də geniş olub: Rusiya bu zərbələri Bryansk, Kursk, Orlov, Millerovo, Şatalovo və Primorsko-Axtarskdan endirib. Ən azı 324 pilotsuz aparat və 7 raket havaya qalxıb.
311 hədəf havada məhv edilib
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, bu amansız hava hücumu zamanı 309 pilotsuz aparat və 2 qanadlı raket məhv edilib. "Kinjal" raketləri isə hədəfə çatmadan zərərsizləşdirilib. Amma bəzi dron və raketlər yenə də obyektlərə dəyib. Ümumilikdə 2 raket və 15 dron üç fərqli ərazidə partlayış törədib, bəzi ərazilərdə isə qalıqların düşməsi nəticəsində ziyan qeydə alınıb.
Zelenskidən dərhal reaksiya
Prezident Vladimir Zelenski hadisəyə dərhal reaksiya verib. Onun sözlərinə görə, gecə boyu Ukraynanın hava hücumundan müdafiə bölmələri, pilotsuz sistemləri, hərbi aviasiyası və mobil atəş qrupları maksimum səylə çalışıb. "Bu, bizim müdafiə sistemimizin qətiyyətini bir daha göstərib. Onlarla dron və bir neçə raket vurulub. Təəssüf ki, tam şəkildə qarşısı alınmayıb, bəzi zərbələr hədəfə dəyib", - Zelenski qeyd edib.
O, zərərçəkənlərin dərhal təxliyə olunduğunu və hazırda elektrik enerjisinin bərpası, xilasetmə və bərpa işlərinin davam etdiyini bildirib. Prezident 8 nəfərin yaralandığını təsdiqləyib və xüsusilə xilasedicilərə, həkimlərə, polis və enerji işçilərinə təşəkkür edib.
Uşaq qanı və sındırılmış pəncərələr: Kiyevdəki gecə
Hücumların ən ağır nəticələri Kiyevin Darnitsa rayonunda qeydə alınıb. Polisin yaydığı məlumatlara görə, burada azı 5 nəfər, o cümlədən 2 yaşlı qız yaralanıb. Uşaq ayağından kəsik xəsarəti alıb. Partlayış dalğası 6-cı mərtəbədən 11-ci mərtəbəyə qədər bütün pəncərələri qırıb. Həmçinin bir neçə avtomobil yararsız hala düşüb.
Kiyev Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko isə yaralıların sayının daha çox olduğunu açıqlayıb. Onun sözlərinə görə, təkcə bir dron zərbəsinin nəticəsində 8 nəfər yaralanıb, onlardan 4-ü hospitala yerləşdirilib. Yaralılar arasında 3 yaşlı bir qız da var.
Rusiya 2 min "Shahed" istehsalına hazırlaşır
Almaniyalı general Kristian Froydinqin açıqlamasına əsasən, Rusiya yaxın vaxtlarda gündə 2 min "Shahed" pilotsuz uçuş aparatı istehsal etmək potensialına malik olacaq. Bu, Ukrayna üçün çox ciddi və təhlükəli problemə çevrilə bilər.
Hava qalxanımızı gücləndirməliyik
Prezident Zelenski bu hücum fonunda Ukraynanın hava hücumundan müdafiə sistemlərinin sürətlə təkmilləşdirilməsinin vacibliyini bir daha vurğulayıb. O, bildirib ki, dron istehsalına ayrılan vəsaitlərin çatışmazlığı addım-addım aradan qaldırılır və yaxın günlərdə bu istiqamətdə tərəfdaşlarla yeni danışıqlar aparacaq. Müdafiə naziri və Təhlükəsizlik Şurasının katibinə isə müvafiq tapşırıqlar verilib.