Gümrüdə şəhər mərkəzindəki fəvvarənin “Dolya Vorovskaya” mahnısının sədaları altında fontan vurması Ermənistanda əsl şok yaradıb.
Ulusal.az xəbər verir ki, məsələ ilə bağlı Ermənistanın Baş naziri Paşinyan paylaşım edib:
“Oğrular fəvvarələrlə oynamamalıdır, həbsxanada olmalıdır”.
Ardınca Ermənistan Ərazi idarəetmə naziri Davit Xudatyan da məsələ ilə bağlı sosial şəbəkədə paylaşım edib.
“Gümrü şəhər hökuməti “havadan” fəvvarə alıb və indi onunla nə edəcəyini bilmir. Məsləhət görərdim ki, indiki rüsvayçı kriminal subkulturanı tərənnüm edən mahnı ilə bir daha fontanı işə salmağa çalışmayın.
Ermənistan dövlətdir və dövlətin dadını hər gün ağzında hiss etməlisən”, – Xudatyan yazıb.
Gümrü Bələdiyyəsi də öz növbəsində bununla bağlı izahat verib.
“Bu gün internetdə yayılan və Gümrünün mərkəzindəki fəvvarələrin rus mahnısı “Dolya Vorovskaya” sədaları altında “rəqs etdiyi” video ilə bağlı Gümrü Bələdiyyəsi baş verənlərin texniki nasazlığın nəticəsi olduğunu aydınlaşdırır.
Mütəxəssis sistemdə yaranan texniki nasazlıq səbəbindən səslənən musiqiyə nəzarət edə bilməyib. Görülən tədbirlər nəticəsində yaranmış problemin aradan qaldırılması mümkün olub və müvafiq izahat alındıqdan sonra əməliyyatın təmin edilməsinə cavabdeh şəxs barəsində zəruri hallarda intizam tənbehi tədbiri görüləcək. Yaranmış narahatlığa görə Gümrü əhalisindən üzr istəyirik. Texniki nasazlıq aradan qaldırılıb və bələdiyyə belə hadisələrin bir daha təkrarlanmaması üçün nəzarətin gücləndiriləcəyini əmin edir”, – bəyanatda deyilir.