Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Nurlan Yermekbayev bildirib ki, təşkilatın fəaliyyət göstərdiyi coğrafiyada və bütövlükdə dünyada sabitliyə olan risklər artmaqdadır. Olaylar.az xəbər verir ki, bu fikirləri o, " Soyuzniki. KTMT " nəşrinə verdiyi müsahibəsində səsləndirib.
"Bu gün dünya siyasətində, iqtisadiyyatında və digər beynəlxalq münasibətlər sahələrində ciddi dəyişikliklər müşahidə olunur. Daha ədalətli və çoxqütblü dünya düzəni formalaşır, dövlətlər üçün bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq imkanları genişlənir", - deyə o bildirib.
Bununla yanaşı, Yermekbayev qeyd edib ki, beynəlxalq hüququn norma və prinsipləri getdikcə daha çox pozulur, güc tətbiqinə meyillər artır, geosiyasi qarşıdurmalar və münaqişələr dərinləşir. "Nəticədə təkcə ŞƏT məkanında deyil, bütövlükdə dünyada sabitliyə risklər çoxalır", - deyə o vurğulayıb.
Baş katib əlavə edib ki, təşkilatın yaradılmasından bəri sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunması ŞƏT-ə üzv ölkələrin ortaq prioriteti olub. "24 illik fəaliyyəti dövründə ŞƏT beynəlxalq münasibətlər sistemində mühüm aktora çevrilib. Təşkilatın qlobal sülhün və təhlükəsizliyin möhkəmlənməsi, eləcə də ədalətli və demokratik dünya nizamının qurulmasına töhfəsi durmadan artır", - deyə o bildirib.
Yermekbayev həmçinin qeyd edib ki, ŞƏT xalqların siyasi və sosial-iqtisadi inkişaf yolunu müstəqil şəkildə seçmək hüququna hörmətlə yanaşır. Onun sözlərinə görə, təşkilat beynəlxalq münasibətlərdə suverenlik, müstəqillik, ərazi bütövlüyü, bərabərlik, qarşılıqlı fayda, daxili işlərə qarışmamaq, güc tətbiq etməmək və ya hədə ilə çıxış etməmək prinsiplərinə əsaslanır.
"Biz fikir ayrılıqlarının və mübahisələrin yalnız dialoq və məsləhətləşmələr yolu ilə, sülh şəraitində həllinin tərəfdarıyıq. Münaqişələrin konfrontasiya yolu ilə həllinə qarşı çıxırıq", - deyə baş katib sonda əlavə edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta