AZ

Castin Timberleykin konsertinə 52 min tamaşaçı qatılıb

BAKI, 28 iyul.TELEQRAF

"Forget Tomorrow" dünya turu çərçivəsində ilk dəfə Azərbaycana gələn pop ulduzu Castin Timberleykin konsertinə qonşu ölkələrdən minlərlə turist axın edib.

Turizm üzrə ekspert Ceyhun Aşurovun sözlərinə görə, bu tədbir çərçivəsində təxminən 25 minə yaxın turist Azərbaycana səfər edib. Onun sözlərinə görə, bu rəqəm əsasən otellərdəki rezervasiyalar və konsert ərəfəsindəki doluluq səviyyəsi ilə müəyyən olunub.

Ceyhun Aşurov bildirdi ki, gələnlər arasında Qazaxıstan vətəndaşları üstünlük təşkil edib.

“Tanınmış insanların çıxış etdiyi tədbirlər özünəməxsus auditoriyaya sahibdir və bu kimi konsertlər konkret olaraq həmin şəxsin fanatlarını və musiqisevərləri dünyanın müxtəlif ölkələrindən tədbirin keçirildiyi məkana cəlb edir,” – deyə ekspert bildirib.

Aşurov əlavə edib ki, gələcəkdə belə iri miqyaslı tədbirlərin keçirilməsi və onların ilin müxtəlif mövsümlərində təşkili müsbət addım olardı: "Bu, ölkəyə gələn turizmin təşviqi baxımından olduqca vacibdir, çünki turistlər yalnız konsertdə iştirak etməklə kifayətlənmirlər, eyni zamanda asudə vaxtlarında Azərbaycanı, xüsusilə Bakını, daha uzun müddət qalanlar isə yaxın regionları da kəşf etmək imkanı qazanırlar".

Qeyd edək ki, konsertə biletlər aprel ayından satışa çıxarılıb. O zaman biletlərin qiyməti 77-590 manat arasında dəyişirdi. Lakin konsertdən saatlar əvvəl qara bazarda biletin qiyməti 100 manat təşkil edib. Qeyd edək ki, pərəstişkarlardan konsert üçün bilet satışı zamanı əlavə 10% xidmət haqqı da tutulub. Konsertə təkcə Qazaxıstan vətəndaşları deyil, Türkiyədən də məşhur aktrisalar qatılıb. "iTicket.az" portalında yer alan rəqəmlərə əsasən konsertdə 52 min nəfər iştirak edib. Bakı Olimpiya Stadionunun tutumu 69 000 tamaşaçı sayıdır.

Müqayisə üçün bildirək ki, Castin Timberleykin "Forget Tomorrow" dünya turu çərçivəsində Tbilisidəki “Dinamo Arena” keçirilən konsertinə 70 min tamaşaçı gəlmişdi.

Nəzərə çatdıraq ki, ötən ayın stastistikası Azərbaycana turist ziyarətlərinin azaldığını göstərirdi. Belə ki, iyunda Azərbaycana 237 min 509 turist ziyarət edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 11 % azdır. Ötən ay Azərbaycana ən çox turist 73 min 415 ( - 11 %) nəfər olmaqla Rusiyadan gəlib. 2-ci yerdə Türkiyə (40 min 326, + 5 %) nəfər), 3-cü yerdə isə İran (15 min 297 nəfər, – 11 %) qərarlaşıb.

Seçilən
43
teleqraf.com

1Mənbələr