AZ

“Putin xalqla görüşməklə sabitlik mesajı verməyə çalışır” – Ramiyə Məmmədova – ÖZƏL

"Bu gün Rusiya-Ukrayna məsələsində o qədər genişmiqyaslı hərbi əməliyyatlar gedir ki, artıq döyüşlər iki tərəfin paytaxtlarına yaxın ərazilərə qədər yayılıb. Kiyev dəfələrlə zərbələrə məruz qalıb. Yəni, tam mənasıyla paytaxtlara yaxın ərazilərdə dron hücumları həyata keçirilir, itkilər yaşanır, insanlar həlak olur".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, bu vəziyyət cəmiyyət daxilində, insanlar arasında böyük sosioloji və psixoloji təlatümlər yaradır: "İnsanlar bu şəraitdə kimə güvənəcəyini, gələcəkdə onları nə gözlədiyini bilmirlər. Müharibənin hara qədər gedəcəyi, harada dayanacağı və nə zaman sona çatacağı da bəlli deyil. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, artıq aydın olur: bu müharibə təkcə Rusiya ilə Ukrayna arasında deyil, əslində Rusiya ilə Qərb - Avropa arasında gedən savaşdır. Rus xalqı bunu çox yaxşı anlayır və indi Ukrayna xalqı da başa düşməyə başlayır ki, onların ölkəsi sadəcə bir alət, bir savaş meydanına çevrilib. Ukrayna torpaqları Rusiya ilə döyüşmək, onu zəiflətmək məqsədilə irəli atılıb və nəticədə Ukrayna xalqı qırılır".

R. Məmmədovanın sözlərinə görə, eyni zamanda bu vəziyyət təbii olaraq Rusiyanı da sarsıdır. Çünki İkinci Dünya Müharibəsindən bu yana Rusiya belə bir vəziyyətlə üzləşməmişdi: "Müharibənin artıq Moskva və ona yaxın bölgələrə qədər çatması ölkə daxilində narahatlıq və gərginlik yaradır. Bu da müxalifətin daha aktiv hərəkətə keçməsi, insanları ayağa qaldırması ehtimalını artırır. Çünki Rusiyada müxalifət daxilində xarici qüvvələr tərəfindən dəstəklənən şəxslər var. Eyni zamanda xalq da müharibəyə qarşıdır və prezidentin uzun müddət ortada görünməməsi də cəmiyyətdə müxtəlif şayiə və narahatlıqlara səbəb olur. Bu səbəbdən Putin, hər zaman olmasa da, müəyyən fasilələrlə ictimaiyyət qarşısına çıxmalı, yalnız televiziyada deyil, insanlarla birbaşa təmas qurmalıdır ki, ölkədə sabitlik və güvən hissi artsın. Onun son çıxışı da məhz bu məqsədə xidmət edən addımlardan biri kimi görünür. Sankt-Peterburqda keçirilməsi planlaşdırılan hərbi dəniz paradı təhlükəsizlik səbəbilə ləğv olundu, çünki dron hücumları nəticəsində insan itkisi ola bilərdi. Amma Putin şəxsi təşəbbüslə şəhərə gələrək dənizçilərlə görüşdü və Neva çayında katerlə gəzdi. Bu, bir tərəfdən əhaliyə sakitləşdirici mesaj, digər tərəfdən isə siyasi simvolik bir jestdir.

Siyasi şərhçi qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi durulmaq əvəzinə, təəssüf ki, daha da qızışır. Lakin Zelenski artıq müəyyən həqiqətləri başa düşüb və 2025-ci ilə qədər müharibənin dayandırılması istiqamətində addımlar atmağa çalışır. Çünki artıq aydın olur ki, nə Rusiya zəifləyib, nə də Qərb onu istədiyi qədər sarsıda bilib. Zelenski ölkəsini bu bataqlıqdan çıxarmaq üçün danışıqlara üstünlük verməlidir. Heç kim ondan Rusiyanın torpaqları işğal etməsini qəbul etməsini istəmir, lakin Ukrayna anlamalıdır ki, bu mübarizə getdikcə daha ağır bədəllər tələb edir. İnsan resursları tükənir, xaricdən edilən yardımlar isə heç də davamlı və kifayət qədər deyil. Bu şəkildə davam edərsə, Ukrayna çox şeyini itirə bilər. Ona görə də, Zelenski müvəqqəti olsa da, Azərbaycan nümunəsindəki kimi, strateji səbir nümayiş etdirib bu mərhələni danışıqlar yolu ilə keçməlidir. Azərbaycan 30 il gözlədi və güclənərək torpaqlarını azad etdi. Zelenski də ölkəsinin gələcəyini qorumaq üçün bu gün düzgün siyasi qərarlar verməlidir.

"Rusiya ilə bağlı vəziyyət bir qədər fərqlidir. Rusiya sülh müqaviləsini istəyir və bu da strateji bir yanaşmadır. Ancaq indi Ukrayna da öz gələcəyi ilə bağlı aydın qərar verməlidir. Əks halda, Ukrayna xəritədən yavaş-yavaş silinmək təhlükəsi ilə üz-üzə qala bilər. Ölkənin bufer zona funksiyası da onun ərazi bütövlüyünə və müstəqilliyinə ziddir. Ukrayna indi qərar verməlidir: müharibəni davam etdirib tükənmək, yoxsa diplomatik həll yolu axtarmaq",- deyə Ramiyə Məmmədova əlavə edib. 

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
olaylar.az

1Mənbələr