AZ

Salifu Suma rəsmən “Malmö”də!

“Zirə”nin qvineyalı cinah hücumçusu Salifu Suma bundan sonra İsveçin məşhur klublarından olan “Malmö”nün uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Qəsəbə təmsilçisi Sumanın “Malmö”yə transfer edildiyini diqqətə çatdırıb. Hücumçunun keçidi ilə bağlı tərəflər arasında hərtərəfli razılıq əldə edilib. “Zirə” futbolçuya kluba göstərdiyi xidmətə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Artıq “Malmö” də yeni transferini ictimaiyyətə təqdim edib. Klubun rəsmi saytındakı açıqlamada 21 yaşlı futbolçu ilə 4,5 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.

Xatırladaq ki, Salifu Suma 2023-cü ilin yayında Fransanın “Havr” klubundan “Zirə”yə keçmişdi. O, “qartallar”ın heyətində meydana çıxdığı 82 oyunda 18 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub.

Suma daha öncə “Havr”, “Kalum” və “Bastiya” kimi klubların da formasını geyinib.

Sumanın “Zirə” ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi mövcud idi. Bu üzdən “Malmö” onun transferi üçün Azərbaycan klubuna təzminat ödəyib. Lakin təzminatın dəqiq məbləği açıqlanmır.

“Transfermarkt” internet-portalı 21 yaşlı vingerin transfer dəyərini 1,2 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
17
arena.az

1Mənbələr