"Hələ tezdir, əvvəlcə müharibə bitməlidir..."
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov iyulun 27-də verdiyi açıqlamada bildirib ki, Moskva ilə Kiyev arasında gələcək münasibətlərin müzakirəsi üçün "hələ tezdir".
Moderator.az xəbər verir ki, bu barədə "delfi.lv" nəşri yazıb.
Onun sözlərinə görə, bu məsələ "hazırda çox nəzəri xarakter daşıyır" və yalnız Rusiya ordusunun Ukraynada qarşısına qoyduğu tapşırıqlar yerinə yetirildikdən sonra gündəmə gələ bilər.
Peskov əlavə edib ki, Rusiya ilkin olaraq siyasi-diplomatik yollarla razılığa gəlmək istəyirdi, lakin bunun qeyri-mümkün olduğu ortaya çıxdıqdan sonra müharibəni davam etdirmək qərarı verilib. "Ukrayna da, Qərb də dialoq təkliflərini rədd etdi. İndi əvvəlcə vəziyyəti nizamlamaq, sonra münasibətlər haqda düşünmək lazımdır", - o, bildirib.
Kreml Putin - Zelenski görüşünə inanmır
Peskov üç gün öncə, iyulun 24-də verdiyi başqa bir açıqlamada, ABŞ prezidenti Donald Trampın elan etdiyi 50 günlük ultimatumun müddəti başa çatmadan Rusiya və Ukrayna prezidentləri arasında görüş ehtimalının çox az olduğunu bildirib. O vurğulayıb ki, belə bir görüş yalnız müzakirələrə yekun vurmaq və razılaşdırılmış prinsipləri rəsmiləşdirmək məqsədi daşımalıdır. Amma onun fikrincə, qarşıdakı 30 gün ərzində bu prosesi yekunlaşdırmaq mümkün deyil.
Kremlin tələbləri dəyişməzdir: Donbas, Krım və neytrallıq
Peskovun açıqlamaları Rusiya tərəfinin kompromisə hazır olmadığını bir daha göstərib. "Bloomberg" nəşrinin may ayında yaydığı məlumata əsasən, İstanbulda baş tutan ilk birbaşa danışıqlarda Rusiya Ukraynaya qarşı bir sıra sərt şərtlər irəli sürüb.
Bunlar Krımın və dörd başqa bölgənin - Donetsk, Luqansk, Xerson və Zaporojyenin itirilməsi ilə barışmaq, bu bölgələri Rusiyanın bir hissəsi kimi tanımaq, neytral statusa razılaşmaq, ərazidə xarici qoşunların və kütləvi qırğın silahlarının olmaması, habelə Moskvadan heç bir reparasiya tələb edilməməsidir. Bu bölgələrdən heç biri Rusiya ordusunun tam nəzarətində olmasa da, Kreml onların beynəlxalq səviyyədə "rəsmi olaraq" Rusiyanın tərkib hissəsi kimi qəbul edilməsini istəyir.
40 dəqiqəlik görüş və nəticəsiz gündəm
İyulun 23-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında üçüncü birbaşa görüş keçirilib. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski ilə Ukrayna nümayəndəsi Rüstəm Ömərov əvvəlcə təkbətək danışıblar. Görüş cəmi 40 dəqiqə çəkib. Medinskinin dediyinə görə, dördüncü raund yalnız yeni razılaşmalar əldə olunduqdan sonra keçiriləcək. İyulun 25-də Ukrayna prezidenti Vladimir Zelenski Moskva ilə Kiyevin mümkün şəxsi görüşü haqda ilkin müzakirələrə başladığını təsdiqləyib.
Trampın səbr kasası dolur
ABŞ-ın Dövlət katibi Marko Rubio isə "Fox News" nəşrinə verdiyi açıqlamada Donald Trampın Vladimir Putinə olan səbrinin tükəndiyini bildirib. Onun sözlərinə görə, Tramp Putinin danışıqları sadəcə vaxt qazanmaq və uzatma taktikasının bir hissəsi kimi apardığını düşünür: "O, bu oyuna ikinci dəfə düşmək niyyətində deyil". Qeyd edək ki, Tramp iyulun 14-də NATO baş katibi Mark Rütte ilə görüşündə bildirib ki, əgər sentyabrın 2-dək Ukrayna ilə sülh sazişi imzalanmasa, ABŞ Rusiyanın ticarət tərəfdaşlarına qarşı 100 faizlik əlavə rüsumlar tətbiq edəcək.
Sülh uzaq, tələblər dəyişməzdir
Moskva indiki mərhələdə müharibəni dayandırmaq üçün siyasi iradə göstərmir. Əvəzində, "xüsusi hərbi əməliyyat"ın tapşırıqlarını tamamlayana qədər diplomatiya pəncərəsini bağlı saxlayır. Bu isə sülh danışıqlarını uzadır və real razılaşmalara nail olmaq imkanlarını daha da çətinləşdirir. Hələlik Kreml öz şərtlərini dəyişməz saxlayır - münasibətlər isə sadəcə "nəzəri məsələ" olaraq qalır.