
İran Rusiya istehsalı olan S-400 "Triumf"zenit-raket kompleksinin ilk sınağını uğurla həyata keçirib.
Olaylar.az xəbər verir ki, bu barədə Brics News iyulun 26-da məlumat yayıb.
Məlumata görə, sınaq İsfahan şəhəri yaxınlığında baş tutub. Təlim zamanı S-400 sisteminin bütün əsas komponentləri - radarlar və raket buraxılış qurğuları aktivləşdirilib və kompleksin döyüş hazırlığı yoxlanılıb.
İranın bu addımı regionda narahatlıqla qarşılanıb. Analitiklər hesab edirlər ki, Tehranın Rusiya ilə hərbi-texniki əməkdaşlığı daha da dərinləşir və bu, xüsusilə Yaxın Şərqdəki balanslara və hava təhlükəsizliyi sistemlərinə təsir göstərə bilər.
Xatırladaq ki, S-400 sistemləri dünyanın ən qabaqcıl hava hücumundan müdafiə vasitələrindən sayılır və bir neçə hədəfi eyni anda vurmaq qabiliyyətinə malikdir. İranın bu texnologiyanı əldə etməsi İsrail və ABŞ kimi regional və qlobal aktorlar üçün strateji çağırış kimi qiymətləndirilir.