Tbilisi, 28 iyul, AZƏRTAC
Gürcüstanda uzunömürlülər ən çox paytaxt Tbilisidə yaşayırlar. Ölkədə yaşa görə pensiya alanların demək olar ki, dörddə biri Tbilisidədir. Bu sırada ikinci yerdə İmereti bölgəsi, üçüncü yerdə isə Sameqrelo-Zemo Svanetidir. Ən az pensiyaçı isə Quriya, Mtsxeta-Mtianeti, Raça-Leçxumi və Zemo Svaneti bölgələrindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin Sosial Xidmətlər Agentliyinin məlumatında bildirilir.
Qeyd edilir ki, cari il iyunun 1-nə olan məlumata əsasən, bu ölkədə 875 min insan yaşa görə pensiya alır. Onların 257 min 200-ü kişi, 617 min 800-ü isə qadınlardır. 2025-ci il yanvarn 1-nə olan məlumatlarla müqayisədə ölkədə pensiya alanların sayı 10,1 min nəfər artıb. Onların əksəriyyəti 75 yaşına çatmamış vətəndaşlardır. Gürcüstanda 90 yaşdan yuxarı 12 min 400 pensiyaçı var ki, onların da 3 mini kişi, 9 min 400-ü qadınlardır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi