Sərhəddəki gərginliyi azaltmaq üçün Malayziyada danışıqlar aparılıb...
Tayland və Kamboca hökumətləri “dərhal və qeyd-şərtsiz” atəşkəsə razılaşıblar.
Poliqon xəbər verir, bu barədə Malayziyanın Baş naziri Anvar İbrahim iki tərəfin iştirakı ilə ölkəsində keçirilən görüşdən sonra məlumat verib.
Görüş ərəfəsində Tayland və Kamboca nümayəndələri Malayziyada bir araya gələrək sərhəd gərginliyini azaltmaq yollarını müzakirə ediblər. Tərəflər münaqişənin sülh yolu ilə həllinə hazır olduqlarını bildiriblər. Ancaq əldə olunan razılaşmaların detalları hələlik ictimaiyyətə açıqlanmayıb.
İki ölkə arasında sərhəd bölgəsində baş verən toqquşmalar son həftələrdə münaqişəni daha da kəskinləşdirib. Tərəflər arasında uzun illərdir davam edən ərazi mübahisəsi səbəbindən gərginlik dövrbə-dövr artmaqda idi.
Malayziyada əldə edilən bu razılaşmanın bölgədə sabitliyin bərpası üçün mühüm addım olduğu bildirilir. Ekspertlər bu cür diplomatik təşəbbüslərin davamlı olmasının zəruriliyini vurğulayırlar.
Poliqon.info