AZ

Trampdan İsrailə sərt mesaj: "Artıq qərar verməyin vaxtıdır"

 
"Qəzza humanitar böhran içindədir, İran isə hələ də uranı zənginləşdirir..."
 
ABŞ prezidenti Donald Tramp Şotlandiyaya özəl səfəri zamanı Qəzza və girovlarla bağlı sərt açıqlamalarla çıxış edib. O, İsrailin daha artıq tərəddüd etmədən ciddi qərar verməli olduğunu bildirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "nv.ua" nəşri məlumat yayıb.
 
"Bu, bəlkə də qeyri-populyar səslənəcək..."
 
Jurnalistlərlə söhbətində Tramp İsrail baş naziri Benyamin Netanyahu ilə son telefon danışığını açıqlayaraq, əsas müzakirə mövzularının İran, Qəzza və digər məsələlər olduğunu söyləyib. Ardınca əlavə edib: "Bəlkə də deyəcəklərim çoxlarına xoş gəlməyəcək. Amma biz girovları geri qaytarmalıyıq. Hələ sağ olan 20 nəfər və çoxlu sayda meyit var. Valideynlər üçün övladlarının nəşi elə sağ qayıtması qədər dəyərlidir. Onlarla görüşdüm... bu, ağrılı və sarsıdıcı idi".
 
"İsrail seçim etməlidir"
 
Ancaq Trampın emosional tonu bununla bitməyib, əsas mesaj daha sərt olub: "İsrail qərar verməlidir, - Tramp qətiyyətlə bildirib. - Mən nə edəcəyimi bilirəm, amma bunu açıqlamalı olub-olmadığımdan əmin deyiləm". O, ümid edib ki, dedikləri jurnalistlər və beynəlxalq ictimaiyyət tərəfindən düzgün anlaşılacaq. Daha sonra əlavə edib ki, HƏMAS son girovları buraxmaq istəməyəcək, çünki bu, onların əlindəki son siyasi rıçaqdır.
 
"Qəzza xaos içində olan bir yerə çevrilib"
 
Tramp həmçinin Qəzzadakı humanitar vəziyyətə də toxunub. "Son həftələr oradakı uşaqları görmək dəhşətlidir. İnsanlar ərzaq və pula görə bir-birindən oğurluq edir. Hər yer xaos içindədir. Qəzza illər öncə sülh naminə təhvil verilib, amma indi vəziyyət acınacaqlıdır. O zaman kim baş nazir olubsa, səhv qərar verib". ABŞ prezidenti qeyd edib ki, ölkəsi Qəzzaya humanitar yardım üçün 60 milyon dollar ayırıb, lakin bunun müqabilində heç bir təşəkkür almayıb. "Başqa heç bir ölkə yardım etməyib. Biz isə yardım etməyə davam edəcəyik", - o,  vəd verib.
 
İran məsələsində sərt ritorika
 
Tramp Netanyahu ilə söhbətində İran mövzusunun da qaldırıldığını vurğulayıb. "İran yenə sərt bəyanatlar verir. Artıq zərbə alıblar. Onların nüvə silahı əldə etməsinə icazə vermək olmaz. Hələ də uranın zənginləşdirilməsindən danışırlar. Bu, inanılmaz dərəcədə ağılsız fikirdir. Biz buna imkan verməyəcəyik", - Tramp bildirib.
 
"HƏMAS məhv ediləcək"
 
Bu arada İsrail baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats Neqev səhrasında yerləşən "Ramon" Hərbi Hava Bazasında təftiş aparıblar. Netanyahu bildirib ki, HƏMAS tamamilə məhv ediləcək və bu hədəfə çatmaq üçün həm hərbi əməliyyatlar, həm də danışıqlar davam etdiriləcək. "Biz girovlarımızı azad etmək və HƏMAS-ı məhv etmək üçün irəliləyirik. Hansı yolla getsək də, Qəzzaya humanitar yardımın çatdırılmasını davam etdirməliyik. Necə ki, bu günə qədər bunu etmişik", - Netanyahu vurğulayıb.
Seçilən
24
moderator.az

1Mənbələr