MASALLI, 28 iyul. TELEQRAF
Masallı sakin küləkdən elektrik enerjisi almaq üçün xüsusi qurğu düzəldib.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Masallının Sığıncaq kənd sakini Məmmədtağı Məmmədov küləkdən istifadə etməklə eletrik enerjisi ilə su nasosunu işlətmək üçün xüsusi qurğu hazırlayıb.
Alternativ enerji mənbəyindəki işlərdə artıq pərlərin montajı başa çatıb, hazırda yalnız mexaniki-elektrik çevirici hissələrin quraşdırılması qalır. Qurğunun pərləri çəllək parçalarından hazırlanıb. Əslində bu külək turbininin əsas hərəkətverici hissələridir. Qurğunun gücü 6 kilovat olmaqla, həm suvarma sistemlərini, həm də evləri elektrik enerjisi ilə təmin etmək imkanına malikdir.
Uzun illər tornaçı kimi fəaliyyət göstərən Məmmədtağı Məmmədov bildirib ki, bu qurğunu hazırlamazdan əvvəl külək turbinlərinə dair çertyojları diqqətlə araşdırıb, küləyin təzyiq gücünə tab gətirə biləcək materialları hesablayıb:
"Bu çertyojları çəkmək mənim içimdən gəlir. Burada materialların müqavimətinə dair biliklər lazımdır. Azdan-çoxdan bilirəm hansı hündürlükdə hansı elementin tab gətirəcəyini, küləyin ona nə qədər təsir göstərəcəyini. Yəni bu seçimlərimi kor-koranə etməmişəm. Hesablamışam, baxmışam, hündürlük bu olmalıdır və s. Lehimləmə işləri də yerindədir, hazırdır", – deyə Məmmədov bildirib.
Qeyd edək ki, qurğu əsasən onun balıqçılıq təsərrüfatını fasiləsiz su ilə təmin etmək məqsədilə hazırlanıb. Usta həm alternativ enerji mənbəyi yaratmaqla, həm də bölgədə tətbiq edilə biləcək nümunəvi bir təşəbbüsə imza atmış olub.