“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Avropa Konfrans Liqasında “Aris”lə cavab oyunundan öncə jurnalistlərin qarşısına çıxacaq.
Arena.az xəbər verir ki, Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Aris” – “Araz-Naxçıvan” oyunundan öncə keçiriləcək mətbuat konfransları və açıq məşqlərinin vaxtı müəyyənləşib.
Azərbaycan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev iyulun 30-da, yerli vaxtla saat 18:30-da (Bakı vaxtı ilə saat 19:30) jurnalistlərin suallarını cavablandıracaq.
Saat 19:00-da isə ilk 15 dəqiqəsi KİV üçün açıq məşq start götürəcək. Mətbuat konfransı və açıq məşq Kleantis Vikelidis stadionunda baş tutacaq.
Qeyd edək ki, “Araz-Naxçıvan” iyulun 29-da Bakı-Afina-Saloniki reysi ilə Yunanıstana yollanacaq. Bu komandalar arasında cavab oyunu isə iyulun 31-də “Kleantis Vikelidis” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 22:15-də start veriləcək.
Xatırladaq ki, bu komandalar arasında Bakıda baş tutmuş ilk matçda “Araz-Naxçıvan” 2:1 hesabı ilə qələbə qazanıb.