AZ

“Təmiz Qaz” keçən il 10 mln. manat xalis mənfəət əldə edib

2024-cü ildə “Təmiz Qaz” QSC 9.88 milyon manat xalis mənfəət əldə edib. Bu, 2023-cü ildəki 11.96 milyon manatlıq mənfəətlə müqayisədə təxminən 17% azalma deməkdir.

Banker.az bunu şirkətin illik audit hesabatına istinadən xəbər verir.

Azalma əsasən satışdan əldə olunan gəlirin və digər əməliyyat gəlirlərinin aşağı düşməsi ilə əlaqəlidir. Belə ki, əsas əməliyyat gəlirləri 34.1 milyon manat olub, bu da əvvəlki ildəki 39.3 milyon manatla müqayisədə 5 milyon manat azdır. Eyni zamanda, satışın maya dəyəri üzrə xərclər də azalaraq 2.29 milyon manata düşüb.

Şirkətin ümumi mənfəəti 2024-cü ildə 31.8 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin 36.7 milyon manatlıq göstəricisindən aşağıdır. Əməliyyat mənfəəti 12.48 milyon manat olub – ötən il bu rəqəm 14.9 milyon manat idi. Mənfəət vergisi üzrə ödənişlər 2.5 milyon manat olub və xalis mənfəətə birbaşa təsir göstərib. Bu dövrdə şirkətin bölüşdürülməmiş mənfəətdən hesablanan xərcləri də 112 min manata yaxın olub.

Maliyyə vəziyyəti hesabatına əsasən, “Təmiz Qaz” QSC-nin ümumi aktivləri 2024-cü ilin sonunda 10.06 milyon manat təşkil edib. Bu, 2023-cü ildəki 11.45 milyon manatla müqayisədə təxminən 12% azalmadır. Xüsusilə uzunmüddətli aktivlər 3.4 milyon manatdan 2.7 milyon manata qədər azalıb. Bu, əsasən torpaq və tikili avadanlıqların dəyərinin kəskin düşməsi ilə bağlıdır.

Qısamüddətli aktivlər isə 8.1 milyon manatdan 7.4 milyon manata düşüb. Pul vəsaitləri 1.4 milyon manatdan 457 min manata qədər azalıb. Debitor borclarında isə artım müşahidə olunur – 2023-cü ildə 4.77 milyon manat olan bu göstərici 2024-cü ildə 5.01 milyon manata yüksəlib.

Kapital strukturuna gəldikdə, “Təmiz Qaz”ın cəmi kapitalı 8.5 milyon manat olub və bu da əvvəlki ilin 9.26 milyon manatlıq kapitalı ilə müqayisədə azalma deməkdir. Qısamüddətli öhdəliklər 2.18 milyon manatdan 1.56 milyon manata enib..

Xatırladaq ki, 2014-cü ilin iyulunda əsası qoyulmuş və 2016-cı ildən müstəqil fəaliyyət göstərən “Təmiz Qaz” QSC qaz kəmərləri və qaz sistemlərinə texniki baxış, sazlama və dəstək sahəsində ixtisaslaşmış peşəkar şirkətdir. Şirkət Azərbaycanın müxtəlif şəhər və rayonlarında yerləşən müəssisə və təşkilatlara yeraltı və yerüstü qaz xətləri, texnoloji quyular (qaz, su, telefon, kanalizasiya) üzrə texniki xidmətlər göstərir.

Seçilən
5
banker.az

1Mənbələr