BAKI, 28 iyul.TELEQRAF
Avropanın yeraltı qaz anbarlarında ehtiyatlar 67%-ə yaxınlaşıb. Hazırda yeraltı qaz anbarlarının doluluq səviyyəsi 66.97%-dir.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyası (Gas Infrastructure Europe, GIE) məlumat yayıb.
Məlumata görə region ölkələrinin aprel ayından başlayaraq idxal etdiyi maye qazın (LNG) həcmi 47 milyard kubmetri ötüb.
Avropa İttifaqı ölkələrinin yeraltı anbarlarına iyulun 26-na qədər 398 milyon kubmetr qaz vurulub. Qaz çıxarılması isə 13 milyon kubmetrə enib. İyul ayı üçün anbarlardakı ümumi qaz həcmi 73,5 milyard kubmetr təşkil edib ki, bu da ötən illə müqayisədə 20% azdır.
Hazırda Avropanın yeraltı qaz anbarları 66,97% doludur.Bu da son beş ilin eyni tarixinə olan orta göstəricidən 8,18 faiz bəndi azdır. Ötən il bu göstərici 83,9% idi. Avropa Komissiyasının yeni tələblərinə əsasən, Aİ ölkələri hər il oktyabr-noyabr aylarında anbarların doluluq səviyyəsini 90%-ə çatdırmalıdırlar. Həmçinin çətin doldurma şəraiti zamanı 10%-lik elastiklik nəzərdə tutulur. Bu tələblər Avropa qaz bazarında qiymət artımına əlavə təkan verir.
İyunda Aİ-də elektrik enerjisi istehsalında külək enerjisinin payı orta hesabla 15%, iyulda isə təxminən 11,5% təşkil edib. İyun ayında Avropada qazın orta alış qiyməti min kubmetr üçün təxminən 439 dollar, iyulda isə təqribən 410 dollar olub.
Keçən istilik mövsümündə Avropa təxminən 63 milyard kubmetr LNG idxal edib.
Qeyd edək ki, iyunda Avropanın LNG idxalı həmin ay üçün rekord səviyyəyə (12,2 milyard kubmetr) çatıb. Cari ayda isə tempi bir qədər azalıb.Aprel ayından bəri Aİ ölkələrinin ümumi LNG idxalı 47 milyard kubmetri ötüb.