AZ

Azərbaycan qazı Ukraynaya çatdırılıb

AzVision.az məlumatlı mənbələrə istinadən xəbər verir ki, artıq Ukrayna ərazisinə çatdırılmış qaz böyük ehtimalla yeraltı qaz anbarına vurulur. Tədarük Trans-Balkan qaz kəmərinin Bolqarıstan-Rumıniya-Ukrayna hissəsinin vasitəsi ilə həyata keçiriləcək.

“Bu bir dəfəlik razılaşma idi. Test çatdırılması uğurlu oldu. Müntəzəmlikdən danışmaq hələ tezdir. Bütün aspektlər təhlil olunur. Azərbaycan bundan sonra vəziyyətdən və onun inkişafından asılı olaraq hərəkət edəcək”,- mənbələrdən biri deyib.

İkinci mənbənin sözlərinə görə, “Naftoqaz” “Ukrgasbank” və “PrivatBank”la əvvəllər təsdiq edilmiş kredit xətləri çərçivəsində tədarük haqqını ödəyə bilib. Ötən ilin oktyabr ayında 2025/2026-cı il istilik mövsümün başlanmasına qədər yeraltı qaz anbarlarında kifayət qədər ehtiyat yaratmaq üçün təbii qazın alınmasına hər bankdan 113 milyon dollar vəsait ayrılıb.

- Məxfilik nöqteyi-nəzərindən Azərbaycan qazının həcmini və qiymətini açıqlaya bilmərik”, - mənbə bildirib.

Qeyd edək ki, bundan əvvəl Norveç hökuməti qaz probleminin həlli üçün Ukrayna hökumətinə 140 milyon avro qrant verib. Avropa Yenidənqurma və İnkişaf Bankından da bu məqsdələ kredit ayrılıb.

“Azərbaycanın bu kiçik, lakin strateji əhəmiyyətli addımı uzunmüddətli əməkdaşlığa yol açır, təchizat mənbələrinin şaxələndirilməsi və Ukraynanın enerji təhlükəsizliyinin gücləndirilməsinin növbəti nümunəsinə çevrilir”,- “Naftoqaz” şirkətinin baş direktoru Sergey Koretski mətbuata açıqlamasında vurğulayıb.

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, öz növbəsində, “X” sosial şəbəkəsindəki səhifəsində Ukraynanın yeni təyin olunmuş energetika naziri Svetlana Qrinçukla görüşdüyünü bildirib. Tərəflər enerji sahəsində ikitərəfli əməkdaşlığın hazırkı vəziyyətini və perspektivlərini müzakirə ediblər.


- Mən Azərbaycan-Ukrayna hökumət komissiyasının iqtisadi əməkdaşlıq üzrə bu yaxınlarda keçirilmiş iclasının nəticələrini müzakirə etməkdən və gələcək addımlar barədə danışmaqdan məmnun oldum. Enerji sahəsində ikitərəfli əməkdaşlığın müsbət perspektivlərinə də diqqət yetirilib”,- Seymur Mərdəliyev yazıb.

Qarşıdan gələn qışdan çıxmaq üçün Ukraynaya 8-9 milyard kubmetr qaz lazımdır ki, bunun da 2/3-si müxtəlif mənbələrdən qaz idxalından əldə olunacaq. Hazırda Ukraynanın yeraltı anbarlarında 2 milyard kubmetr mavi yanacaq var.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
41
azvision.az

1Mənbələr