" Rusiya-Ukrayna müharibəsinin davam etməsi bir sıra ehtimalları və mülahizələri də gücləndirir. ABŞ prezidenti Donald Tramp, baxmayaraq ki, hakimiyyətə gəldikdən sonrakı bir neçə gün ərzində Rusiya-Ukrayna müharibəsini dayandıracağına söz vermişdi, bunu reallaşdıra bilmədi. Rusiya ilə aparılan danışıqlar da nəticə vermədi".
Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlamasında söyləyib:
"Səudiyyə Ərəbistanı və Türkiyədə keçirilən Rusiya-Ukrayna münaqişəsi ilə bağlı danışıqların üçüncü raundu da atəşkəsə nail ola bilmədi. Eyni zamanda, Rusiya və Ukrayna liderlərinin görüşü də hələlik sual altındadır. Belə bir vəziyyətdə Rusiya liderinə qarşı sui-qəsd ehtimalları da artmaqdadır. Rusiya prezidentinin xalqla tez-tez təmasda olması, görüşlər keçirməsi, geniş xalq kütlələri qarşısına çıxması isə bir sıra məqsədlərdən xəbər verir.
Adətən bu cür addımlar liderlərin azalan ictimai nüfuzunu və reytinqini artırmaq üçün atılır. Görünür ki, Kremlin strateqləri Putinin nüfuzunu artırmaq üçün müxtəlif üsullara əl atıblar. 2023-cü ilin oktyabrında Başqırdıstanda Putinin ictimaiyyətlə görüşü baş tutmuşdu. Bu səfər həm də onun ictimai rəydə çəkisinin artırılmasına hesablanmışdı.
Ümumilikdə hesab edirəm ki, Sankt-Peterburqda keçirilən parada məhdudiyyətlər tətbiq olunsa da, Putinin şəhərə səfəri və müxtəlif görüşlər keçirməsi siyasi məna daşıyır. Müharibə aparan bir dövlətin lideri ilə xalq arasında bağlılığı nümayiş etdirmək üçün bu cür görüşlər təşkil olunur".
Zeynəb Mustafazadə