Bakı, 28 iyul, Aytac Haqverdiyeva, AZƏRTAC
Son günlər ölkəmizdə havaların kəskin isti və quraq keçməsi səbəbindən açıq sahələrdə və meşəlik ərazilərdə yanğın təhlükəsi artıb. Xüsusilə meşə fondu ilə zəngin olan işğaldan azad edilmiş ərazilərdə cüzi ehtiyatsızlıq böyük yanğınlara və təbii mühitə ciddi ziyan vuracaq nəticələrə yol aça bilər. Üstəlik, ərazilərin mina və partlamamış sursatlarla çirklənməsi yanğınların söndürülməsi prosesini daha da çətinləşdirir.
Bu fikirləri AZƏRTAC-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini Cəmil Xudiyev səsləndirib.
FHN rəsmisi təəssüf hissi ilə bildirib ki, nazirlik tərəfindən mütəmadi aparılan maarifləndirici tədbirlərə baxmayaraq, son günlər ölkənin bir sıra bölgələrində, eləcə də, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında açıq sahələrdə və meşə massivlərində bir sıra yanğın halları qeydə alınıb. Lakin FHN-in yanğın-xilasetmə qüvvələrinin yüksək peşəkarlığı və əməkdaşların xüsusi fədakarlığı nəticəsində bu yanğınların qarşısı vaxtında alınıb və onların genişlənərək daha ciddi fəsadlar yaratmasına yol verilməyib.
“Xüsusilə yay mövsümündə təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət olunmalıdır. Fərdi yaşayış sahələri, təsərrüfat və istehsalat obyektlərinin ətrafı qurumuş ot və yanar tullantılardan mütəmadi şəkildə təmizlənməlidir. Siqaret və kibrit yalnız tam söndürüldükdən sonra tullantı qablarına atılmalı, ətraf mühitə atılmasından qəti şəkildə çəkinilməlidir. Günəş şüalarının təsiri ilə yanğına səbəb ola biləcək şüşə qabların və qırıntıların təbiətə atılması yolverilməzdir. Təbiət qoynunda tonqal yalnız təhlükəsiz və xüsusi ayrılmış yerlərdə qalanmalıdır. Eyni zamanda, ağacların altında və qurumuş ot, kol-kosla örtülü sahələrdə ocaq qalamaq qadağandır. Ərazi tərk olunmazdan əvvəl tonqal tam şəkildə söndürülməli, üzərinə su tökülərək torpaqla örtülməlidir. Kənd təsərrüfatı texnikası saz vəziyyətdə saxlanmalı, nasaz və təhlükəli texnikaların istifadəsinə yol verilməməlidir. Eyni zamanda, küləkli hava şəraitində, xüsusilə meşəlik ərazilərdə açıq alovdan istifadə qəti şəkildə yolverilməzdir”, - deyə FHN rəsmisi vurğulayıb.
Qeyd edək ki, FHN-in mətbuat xidmətinin məlumatına əsasən, Ağdam və Füzuli rayonlarında, eləcə də, Xocavəndin Yenikənd, Şuşanın Böyük Qaladərəsi, Xocalının Aşağı Yemişcan kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazilərdə baş vermiş yanğınlar nazirliyin qüvvələri tərəfindən tam söndürülüb. Hazırda isə Ağdərənin Talış və Goranboyun Tapqaraqoyunlu kəndləri istiqamətində baş verən yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Vətəndaşların təhlükəsizliyi və təbiətin qorunması üçün nazirliyin bütün qüvvələri səfərbər olunaraq müvafiq işlər həyata keçirilir.