Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya səfərindən dərhal sonra yenidən məzuniyyətə çıxıb.
Bu barədə Ermənistan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb. Paşinyanın iyulun 28-dən avqustun 15-dək məzuniyyətdə olacağı bildirilir. Qeyd edək ki, bu, Ermənistan liderinin son bir ayda ikinci məzuniyyətidir.
Belə ki, Paşinyan 18-23 iyul tarixlərində də məzuniyyətdə olub. O, bundan sonra Rusiyaya ikigünlük səfər edib və iyulun 24-25-də Altayda keçirilən ekoloji konfransda iştirak edib.
Məzuniyyətini başa vuran Nikol Paşinyanın Rusiyaya səfərindən dərhal sonra yenidən istirahətə getməsinin əsllində, Zəngəzur dəhlizi məsələsi ilə bağlı olduğu bildirilir. Belə ki, Azərbaycan və Ermənistan liderlərinin iyulun 10-da Əbu-Dabidə keçirilən görüşündən sonra ABŞ-nin təklif etdiyi “yol xəritəsi” əsasında Zəngəzur dəhlizinin açılacağına dair məlumatların artdığı bir vaxtda Paşinyanın gözlənilmədən məzuniyyətə getməsi bu mövzunu gündəmdən çıxarıb.
Eyni zamanda, Paşinyanın Altayda olduğu bir vaxtda Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Arman Yeqoyanın Zəngəzur dəhlizinin ABŞ-yə icarə veriləcəyi barədə deyilənləri təkzib etməsi Rusiyanın siyasi təzyiqlərinin nəticəsi hesab olunur. Çünki Yeqoyan Paşinyanın razılığı olmadan belə bəyanat verə bilməzdi.
“Hraparak” qəzeti qeyd edir ki, iyulun 16-da mətbuat konfransı keçirən Nikol Paşinyan Ermənistan ərazisinin icarəyə verilməsinin və oradan keçən infrastrukturun idarə edilməsinin, məsələn, Ermənistan Dəmir Yolları və hava limanının idarəçiliyinin autsorsinqə verilməsinin səmərəliliyini əsaslandırıb. Sonradan məlum olub ki, Paşinyan onu amerikalılara 100 illik icarəyə verəcəyini vəd edib.
“Ona elə gəlirdi ki, Sünikdən (Zəngəzur) dəhliz almaq istəyən Türkiyə və Azərbaycanın təzyiqindən nəhayət necə qurtulacağının çarəsini tapıb. O, dəhliz ərazisini ABŞ-yə icarəyə verir, Türkiyə və Azərbaycandan xahiş edir ki, gedib dəhlizdə hansı rejimin işləyəcəyi ilə bağlı ABŞ ilə danışıqlar aparsınlar”,-deyə qeyd edən “Hraparak” Paşinyanın Rusiyanın Baş naziri Mixail Mişustinlə apardığı qapalı görüşdən sonra mövqeyini dəyişdiyini yazıb.
“Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Arman Yeqoyan bu layihənin də bağlandığını bildirib:
“ABŞ yolu icarəyə götürməyi təklif etdi, amma biz bunu qəbul etmədik. Biz suverenliyi itirmək riskini gördük”. Bu bəyanat Paşinyanla Mişustinin görüşündən bir neçə saat sonra verilib. Şübhə yoxdur ki, Rusiya hakimiyyəti Paşinyana Ermənistan üçün fəlakətli ola biləcək layihəyə girməməyi qəti şəkildə tövsiyə edib.
Suverenliyin itirilməsi riskinə gəlincə, Rusiya hakimiyyəti Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun dili ilə bəyan edib ki, bu, Ermənistan və Azərbaycanın daxili işidir. Bu dəhlizdə hansı razılığa gələcəklər-onu amerikalılara, yaxud hansısa başqa ölkəyə icarəyə verəcəklər, yoxsa hüquqi rejim tətbiq olunacaq? Ancaq bu, yalnız ictimaiyyət üçündür.
Aydındır ki, bu dəhlizin Rusiya üçün strateji əhəmiyyəti var. Rusiya ilə İran arasında quru yolu Mehridən keçir. Mehri Avrasiya İqtisadi Birliyinin İranla quru sərhədidir. İran Avrasiya İqtisadi Birliyi ilə azad ticarət rejiminə malikdir.
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Altayda Rusiya və Ermənistan hökumətlərinin nümayəndələri ilə görüşdükdən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın baş naziri Mixail Mişustinlə danışıqlarda İrəvanın Avrasiya İqtisadi Birliyində fəaliyyətini davam etdirməkdə maraqlı olduğunu təsdiqləyib. Mişustin bəlkə də çox məsum bir şəkildə soruşub:
“Ermənistan Sünikdəki ərazisinin bir hissəsini ABŞ-yə icarəyə verməklə AİB-dən çıxmaq niyyətindədirmi? Çünki o, ölkə ərazisinin bir hissəsində bir gömrük və ya digər iqtisadi rejimi, başqa hissəsində isə digərini tətbiq edə bilməz”. Paşinyan dərhal bəyan edib:
“Siz nə danışırsız? Ermənistan AİB-dən çıxmaq fikrində deyil”. Əgər ərazinin bir hissəsini ABŞ-yə və ya hər hansı Amerika şirkətinə icarəyə vermək Ermənistanın AİB-dən çıxmasına səbəb olarsa, o zaman Ermənistan bu niyyətindən əl çəkəcək.
Mişustin həm də bildirib ki, bu, ərazinin bir hissəsi üzərində suverenliyin itirilməsidir və onlar üçün məqbul sayıla bilməz. Məhz buna görə də Paşinyanın AİB-də üzvlüyü saxlamaqla bağlı təminatlarına ehtiyac yarana bilər. Bu, suverenlikdən imtina etmək təhlükəsi ilə bağlıdır”.
Adıçəkilən nəşr Ermənistanın ABŞ-nin təklifindən imtina etdiyi barədə Yeqoyana açıqlama verməyi də Paşinyanın tapşırdığını yazır:
“Paşinyandan soruşdular ki, sizin Aİİ-dən çıxmaq qərarına gəlməyiniz mümkün olub? O, heyrətlə cavab verib ki, olmaz. Mişustin gedəndən bir neçə saniyə sonra Arman Yeqoyana zəng edərək, harasa qaçmağı və canlı teleefirdə Ermənistanın ərazilərini icarəyə vermək niyyətində olmadığına dair and içməyi əmr edib”.