Bakı, 28 iyul, AZƏRTAC
Çin hökuməti ölkədə doğum nisbətini artırmaq məqsədilə uşaq baxımı üçün subsidiyalar təklif edəcək.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Pekinin dövlət mediasının yazdığına görə, dünyanın ikinci ən sıx əhalisi olan ölkəsi yaxınlaşan demoqrafik böhranla üzləşir və bu səbəbdən hökumət valideynlərə üç yaşından kiçik uşaq üçün ildə 500 dollar məbləğində subsidiyalar təqdim edəcək.
Rəqəmlər göstərir ki, Çinin əhalisinin sayı üç il dalbadal azalıb. Birləşmiş Millətlər Təşkilatının demoqrafiya modelləri onun bugünkü 1,4 milyarddan 2100-cü ilə qədər 800 milyona düşə biləcəyini proqnozlaşdırır.
Pekinin CCTV dövlət televiziyası hakim Kommunist Partiyası və Dövlət Şurasının, Çin Nazirlər Kabinetinin qərarına istinadla bildirib ki, ümummilli subsidiyalar yanvarın 1-dən geriyə şamil ediləcək. “Bu, ictimai rifahın yaxşılaşdırılmasına yönəlmiş əsas ümummilli siyasətdir”, -deyə CCTV telekanalında çıxış edən ekspert qeyd edib. Onun sözlərinə görə, bütün ölkə üzrə ailələrə birbaşa nağd subsidiyalar veriləcək, hökumət uşaq böyütmək yükünü azaltmağa kömək edəcək.
Keçən il Çində cəmi 9,54 milyon uşaq doğulub ki, bu da 2016-cı ildəki ilə müqayisədə yarıbayarı çoxdur. Bu, ölkədə birdən çox uşaq sahibi olmağa qadağanın ləğv edilməsindən sonra baş verib. Bununla belə, əhalinin sayı 1,39 milyon nəfər azalıb və Çin 2023-cü ildə dünyanın ən çox əhalisi olan ölkəsi tacını Hindistana təhvil verib. Evlilik nisbətləri də rekord səviyyədə aşağıdır, bir çox gənc cütlük uşaq böyütmək üçün yüksək xərclər və karyera narahatlıqları səbəbindən nəsil artırmaq istəmir.
Eyni zamanda, Çinin əhalisi sürətlə qocalır. Statistik rəqəmlərə görə, bu ölkədə təqribən 31- milyon insan 60 və ondan yuxarı yaşdadır.
Bu göstəricilər Çin hökumətini gələcəkdə baş verəcək demoqrafik böhranın qarşısını almaq üçün təcili tədbirlər görməyə sövq edir.