AZ

Terrorsuz Türkiyə Komissiyası yaradılır: Siyahıda kimlər var?

Türkiyə Böyük Millət Məclisində (TBMM) yaradılacaq 51 nəfərlik Terrorsuz Türkiyə Komissiyası ilə bağlı hazırlıqlar davam edir. 

“Cebheinfo.az” xəbər verir ki, TBMM rəhbərliyi rəsmi məktub göndərərək siyasi partiyalardan komissiyaya üzv təqdim etmələrini istəyib.

Hazırda Milliyətçi Hərəkat Partiyası (MHP) və Xalqların Bərabərlik və Demokratiya Partiyası komissiyaya təqdim edəcəkləri üzvlərin adlarını açıqlayıb. 

İYİ Partiya isə komissiyada iştirak etməyəcəyini bəyan edib. Digər siyasi partiyalardan isə cümə axşamına qədər üzvlərin siyahısını TBMM-yə təqdim etmələri gözlənilir.

MHP-nin sədri Dövlət Baxçalı, TBMM-də “Terrorsuz Türkiyə” hədəfi ilə yaradılan Milli Birlik və Həmrəylik Komissiyasına göndərəcəkləri dörd üzvün adını açıqlayıb. 

Müvafiq olaraq, komissiyaya sədr müavini Feti Yıldız, Konstitusiya Komissiyasının üzvü Muhammet Levent Bülbül, Ədalət Komissiyasının üzvü Halil Öztürk və Yücel Bulut daxil olacaq.

DEM Partiyanı komissiyada qrup sədr müavini Gülistan Kılıç Koçyiğit, Erzurum millət vəkili Meral Danış Beştaş, Antalya millət vəkili Saruhan Oluç və İstanbul millət vəkili Cengiz Çiçək təmsil edəcək.

“Türkiye” qəzetinin məlumatına görə, yay ayları boyunca fəaliyyət göstərəcək komissiyanın əsas məqsədi terror təşkilatlarının tamamilə ləğvindən sonra yaranacaq siyasi və hüquqi mühitin əsaslarını formalaşdırmaq olacaq.

Komissiyada silahı yerə qoymuş bir təşkilatın tam ləğvindən sonra onun üzvlərinin gələcək taleyi, cinayət törətməyənlərlə cinayətə bulaşmış şəxslərin hüquqi vəziyyəti, eləcə də Türkiyəyə qayıdan təşkilat üzvlərinin cəmiyyətə inteqrasiyası məsələləri müzakirə olunacaq.

Əgər bu proses uğurla başa çatarsa və təşkilat Suriya və Avropadakı bütün qolları ilə birlikdə ləğv edilərsə, cəmiyyətin həssaslığı nəzərə alınmaqla “əfv” də daxil olmaqla yeni cəza və icra mexanizmləri ictimai müzakirəyə və parlamentin gündəminə gətirilə bilər.

Seçilən
32
cebheinfo.az

1Mənbələr