Bəzi hallarda işçilər şəxsi və ya ailəvi səbəblərlə əlaqədar müəyyən müddətə işdən uzaqlaşmaq məcburiyyətində qalırlar. Bu kimi vəziyyətlərdə qanunvericilik işçilərə ödənişsiz məzuniyyət hüququ verir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi ödənişsiz məzuniyyətlərin verilmə qaydasını və əsaslarını aydın şəkildə müəyyən edir.
Bu barədə Moderator.az-a danışan əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov bildirib ki, ödənişsiz məzuniyyətlər Əmək Məcəlləsinin 128, 129, 130 və 131-ci maddələri ilə tənzimlənir. O qeyd edib ki, qanunvericiliyə əsasən, bu məzuniyyətlərin verilməsində məqsəd – işçinin ailə, məişət və digər sosial məsələlərini təxirə salmadan həll etməsi, qohumluq borcunu yerinə yetirməsi, təhsil alması, yaradıcı və ya elmi fəaliyyətlə məşğul olması, həmçinin yaş və fizioloji xüsusiyyətləri ilə əlaqədar işdən ayrılması zərurəti yarandıqda ona müəyyən edilmiş qaydada ödənişsiz məzuniyyətdən istifadə etmək imkanı yaratmaqdır:
“Ödənişsiz məzuniyyətlər əsasən iki növə bölünür:
İşçinin xahişi ilə verilən ödənişsiz məzuniyyətlər – Bu növ məzuniyyətlər Əmək Məcəlləsinin 130-cu maddəsində nəzərdə tutulur. Həmin maddəyə əsasən, işçi qanunvericilikdə göstərilən hallarda və müddətlərdə ödənişsiz məzuniyyətdən istifadə edə bilər. Məsələn, müəyyən kateqoriyadan olan şəxslərə ildə müəyyən sayda təqvim günü müddətində ödənişsiz məzuniyyət verilməsi nəzərdə tutulur.
Tərəflərin qarşılıqlı razılığı ilə verilən ödənişsiz məzuniyyətlər – Əmək Məcəlləsinə əsasən, işçi və işəgötürən qarşılıqlı razılıq əsasında, altı aydan artıq olmamaq şərti ilə ödənişsiz məzuniyyət müəyyən edə bilərlər”.
Mehin Mehmanqızı