AZ

Yekaterina kimi hərəmxana qurmuşam yalqızlığımdan... Ülviyyə Lalənin şeirləri

ain.az bildirir, Kulis.az portalına istinadən.

Kulis.az Ülviyyə Lalənin şeirlərini təqdim edir.

***

Ayaq dırnaqlarımı qırmızıya boyadım,

albalıya oxşadı.

Nə gözəl rəssammışam.

Bəlkə sənin surətini də

köçürüm ürəyimə?

***

Gəl, günortanın istisində görüşək

və həyəcandan tərləyəndə

ataq havanın üstünə...

***

Bəşəriyyəti bətnində daşıyan qadın

özünə bəzək verir —

gah dodağını, gah dırnağını boyayaraq.

Maykl Cekson kimi

o da inanmır öz möhtəşəmliyinə.

Biri irqçiliyin,

Biri cinsiyyətçiliyin yükünü daşıyır çiyinlərində...

***

Nənəm siqaret çəkməyib,

dərd çəkib —

altı qızına ər tapmaq dərdi.

Öz sözüdür.

Nənəm siqaretin deyil,

təndirə çörək yapanda,

yemək bişirəndə —

ocağın tüstüsünə boğulub.

"Siqaret çəkmək sağlamlığa zərərdir"

təndirin üstünə yazılmayıb

siqaret qutusuna yazıldığı kimi.

Bəh-bəhlə yemişik təndir çörəyini,

ocaqda bişirilmiş yeməyi,

həm də nənəmin ömrünü —

tüstü ilə.

***

Niyə sevgi şeiri yazmırsan?-

soruşur kişi şairlər.

Sevgini qadağan edib

atam ağlım kəsəndən.

Sevmək başaşağılığı gətirər atama,

mənə,

bütün qohum-əqrəbama,

"Sevgi" sözü qadağan edilib,

yoxdur leksikonumda –

günah kimi,

ayıb kimi,

“qadağan edilmiş kitab” kimi...

***

Mən kaktusam.

Çiçək açmadım

sən gedən gündən.

Yekaterina kimi

hərəmxana qurmuşam

yalqızlığımdan.

Özümə cəza verirəm,

kədərimdən həzz alıram

öz acığıma.

***

Əsrlər boyu

şəninə tərif deyib,

mədh ediblər

əndamını, yerişini, duruşunu

əsir etdikləri qadının...

Şirin söz nəyə gərək

azad deyilsə qadın.

Xəyalı göylərdədir,

vücudu yanında olsa,

nə fayda.

***

Öldürürəm səni

gündə min dəfə

öz xəyalımda...

Sonra oturub şeir yazıram

sevgidən.

İnsanları qətlə yetirib

məhəbbət şeirləri yazan

hökmdarlar kimi.

***

Şərq qadını —

əlində fırça,

üzünə çəkir rəngləri...

Ənlik, kirşan —

təmas edir iztirabın alt qatına.

Ağarmış dodaqlarını —

qanla yox, boya ilə qızardır.

Kimyəvi bir boya ilə

gizlədir anemiyanı.

Qırılmış dırnaqlarını yapışdırır,

saçına qaynaq bağlayır —

belə gizlədə bilir

bədənində çatışmayan D vitamini günəşini.

O boyanır —

üzünüz ağ olsun deyə.

Qaralır içi,

parlayır çölü.

O bir günəşdir —

günəşsiz qalsa da, işıq saçan,

həsrət içində

özünü yandıran qadın.

“Ölü Həsən” filmi müsabiqədə qalib oldu

"Anadolu" Agentliyi: Azərbaycan mediasının 150 illik yolu - “Əkinçi”dən Şuşaya qədər - Vüsalə Mahirqızı

Lady Qaqa milyarderdən 6 milyon dollar tələb edib?

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
kulis.az

1Mənbələr