AZ

Susmuş vicdan

Natiq maşına söykənib  düşünürdü.   Əslində  xəyalı  çox   uzağa   getmişdi. Hansı ki,  o lənətə  gəlmiş gün oğlanın bütün  həyatını  dəyişmişdi .Bir vaxtlar  sakit həyat yaşayırdı.  Nə  borcu var idi, nə  krediti.  İşdən  gəlib Allah  verəndən  bir  qismət  yeyib -içib  küçəyə  çıxardı. Alnıaçıq ,üzüağ deyib -  gülüb danışardı.  Dostları  ilə  domino  oynayıb  gecəni  daş kimi  yatardı.  Qohum- qonşunun  toy -düyünündə  böyük  həvəslə iştirak edirdi.  Oturanda kimi istəsə  qınayıb, tənqid edirdi. Həmin istirahət günü  yenə   də  həyətdə qonşularla oturub söhbət edirdi.   Bacanağı  Murad qəfil   təzə  aldığı maşınla onların   qarşısında dayandı.  Onu görən Natiqin kefi  pozulsa da ozünü o yerə qoymadı. Murad   pis oğlan  deyildi. Qoçaq idi, yaxşı  dolanırdı.  Bir az özündən razılığı Natiqin    xoşuna  gəlmirdi.  Elə  indi  də   İxtiyar sahibi kimi dərhal  mətləbə  keçdi: Qubaya  gəzməyə  gedirik ,Arzunu da aparmaq istəyirəm. Onu  götürməyə gəlmişəm. Hər  şey  bir anın içində  baş  verdi. Natiq  ehtiraz  etməyə  macal  tapmadı.  Muradın qızı Gülər  maşından  düşüb  içəri  qaçdı. Beş dəqiqədən sonra Arzu  ilə  geri  döndü.  Natiq “ Yox” - sözünü ağzına ala bilmədi.  Qızlar  sevinirdi. Arzunun  üzündə  narahat  bir  ifadə  var idi .Atasının  üzünə yazıq -  yazıq  baxıb  icazə   gözləyirdi. Oğlan  key-  key  baxıb  dillənə  bilməsə də başını  tərpətdi.  Qız  bir  göz  qirpımında   maşına  mindi.  Natıq   uzaqlaşan maşının arxasınca baxıb  köksünü ötürdü.  Bir  yana  baxanda  uşaqlarını  gəzməyə  apara  bilmədiyi  üçün  özlüyündə  xəcalət çəkirdi.  Qoy  getsin,  gəzsin-  deyə  düşünürdü.   Eyni  zamanda   Muradın  gəlib qızı  apardığına  hirslənirdi.  Ertəsi  gün  yuxudan  dəhşətli  bir  xəbərlə  oyandı. Muradgil    avtomobil qəzasına  düşmüşdülər.  Hadisə  yerinə  çatana  qədər  varlığından  yox oldu.  Deyilənə  görə  ölənlər  var idi. Qarşılaşdığı mənzərə damarında qanını  dondurdu.  Baldızı ilə qızı elə  yerindəcə  dünyasını  dəyişmişdi.  Muradla  oğlu ağır yaralı  olsalar da  huşları özlərində idi .Arzu komada  idi.    Qızın özünə  gəlməyi uzun  çəkdi.    Ayılmağına  ayıldı , amma necə?   Məlum oldu ki,   əlil  arabasında qalası  olacaq.   Natiq eşitdiyi  xəbərdən  dəhşətə  gəldi.  Qara  günləri başladı  nə  başladı.   O  gündən  var  qüvvəsi  ilə  qızını  əlil arabasından  xilas etməyə  çalışdı. Aylarla , illərlə  xəstəxanalara  qaçdı.  Həkimlər  ümid  verib, müalicə  lazımdır  , deyirdilər.   Natiq  döymədiyi  qapı   qalmadı. Kim  nə dedi onu  etdi.   Pul çatdıra  bilmirdi. Hər  yeri  borca  döndərdi.  Əllərində  olan  xırda- para qızılları satdılar.  Kredit  götürdü. Di gəl  hec nəyə nail ola  bilmədi.  Əksinə  borcları  şişib artırdı. Sanki  bataqlığa  düşmüşdü.  Daha çox  pul qazanmaq ümidi  ilə iş yerini  tərk etdi. Yenidən iş tapmağı  müşgül oldu.   Hətta  az  qala uyuşdurcu   alış- verişinə  qoşulacaqdı.   Doğrusu  bunu  bilə -  bilə  etmirdi.  Sadəcə  borclu  olduğu  adamlar aldadıb  bu  yola  salmağa  çalışırdılar. Bu çirkabdan  son  anda zorla  qurtuldu .  Düşdüyü  vəziyyətə görə  uzun müddət  özünə  gələ  bilmədi. Çünki  bu  yolla  pul qazananlara  nifrət edirdi.  Nəhayət  ailə  şoferi  düzəldi.  Natıq  alı  təhsilli idi. Bu  işi  özünə  yaraşdırmasa da  əlacsız qalıb  razılaşdı.  İlk  günlər işindən  razı  idi.   Sevinirdi, borclarını  az-  az olsa  da qaytaracağına  ümid  edirdi.  İşi  ağır  idi, iş saatı ,istirahət  günü yox  idi.  Amma İmran  müəllim  onu  tez – tez  mükafatlandırırdı.  Qızının  əlil olduğunu biləndən  sonra  Durdanə  xanım  vaxtaşırı Arzuya  hədiyyələr  göndərirdi. Yemək -  içməyi də İmran  müəllimin boynunda  idi. Kişi  onun  dəqiqəsini  bilirdi.  Öz  evinə  bazarlıq  edəndə Natiqi də  nəzərə  alırdı.  Günlər  ötdükcə Natiq  yavaş - yavaş  özünə  gəlməyə  başlasa da tamamilə  dəyişdiyini hiss edirdi.  Özünü yalan dolu  bir  aləmdə   görürdü.   Bu  yalanların  içində  boğulurdu. Çünki  İmran müəllim    gününü   Pəri  deyə  çağırdığı  Pərvanə  adlı  bir qızla  keçirirdi.   Hər yerə  onunla  gedib,  Dürdanə  xanımı  aldatmağı  isə Natiqə  həvalə  etmişdi. Dürdanəyə  bir  söz  tap  de, deyib  aradan  çıxırdı.    Bir  necə  vaxt  bundan  əvvəl başına  gələn  bir əhvalatı  düşünüb yenə də qızardı.   Növbəti dəfə Pərinin evnin qarşısında İmran müəllimi  gözləyirdi.  Dürdanə  xanım  durmadan  zəng  edirdi. . Telefonu açan  kimi qadının ilk sözü  hardasan? – oldu.  O ,  adəti  üzrə  nazirlikdə,- dedi.    Qadın İmranı soruşub  vacib  sözüm  var,-dedi.  Natiq   kişinin  iclasda olduğunu   söylədi . Bu  hal  bir  necə  dəfə  təkrar oldu. Axırıncı zəngdə  Natiq  əlində telefon düz  qarşısında  dayanıb, hardasan?  -  deyən  qadının  gözünün  içinə  baxa-  baxa  nazirlikdə,- deyə  cavab  verdi.  Sən demə  Dürdanə  xanım   bu  binaya  rəfiqəsinin  anasının  hüzr  yerinə    gəlibmiş.  İmranın  maşınını  burada   görüb  zəng edib.   Natiq  vəziyyətdən  çıxa  bilmədi.  Donub  yerində  qalmışdı , söz  tapa  bilmirdi. Onun  köməyinə  İmran müəllim  yetişdi.    Kişinin Dürdanə  xanıma  nə  dediyini  Natiq eşitmirdi.  Utandığından  qulağı  batmışdı.  Bu hadisə  çoxdan olmuşdu.  İndi  Natiqın  yalanlarının  sayı  və  ünvanı  artmışdı.  Artıq  Pərinin  əvvəzindən  də İmran  müəllimə  yalan  danışırdı.  Çünki  onun  kiminlə  isə  görüşdüyünü  bilirdi.   Axır vaxtlar  bir yenilik  əmələ  gəlmişdi. Pəri   ondan əl  çəkmirdi.  Nə istədiyini  Natiq  anlamırdı. Elə  düşünürdü ki, başqası ilə  görüşdüyünün İmran  müəllimə  çataçağından  qorxur. Amma  belə  deyilmiş .  Əslində Pəri indi də   Natiqi  tora  salmağa  çalışırdı. Natiq   onun  hədsiz hiyləgər  olduğunun  şahidi  idi.   Bunu  isə  heç  ağlına  sığışdıra bilmirdi. Bəzən  şübhələnsə  də  inanmaq istəmirdi. Bir neçə  gün  bundan  əvvəl Pəri onu  içəri dəvət edib, ilk öncə  ondan  xoşu  gəldiyini   soylədi.  Bunu  uzün və  romantik sözlərlə anlatdıqdan sonra    bütün  kreditini  bağlayacağına söz  verdi. Natiq  qulağına  inamasa da Pəri  ilk  məbləği  zorla  oğlanın çibinə basmışdı.  Əvvəlcə  imtina edən Natiq  sonra  borc  götürürəm, qaytaraçam  deyib  , evdən  çıxmışdı. Həmin  gündən özünə  gələ  bilmirdi.  Yalanlarına  xəyanət də  qarışmışdı. Pəri  ilə  yaxınlıq etməklə  İmran  müəllimə xəyanət  etdiyini düşünürdü.  Həm də    Pərinin  onu  susdurmaq üçün  belə  etdiyini də  anlayırdı.  Arzunun ayağında  az da olsa  hissiyyat  əmələ  gəlmişdi.  Qızı  yenidən  Bərpa  Mərkəzinə aparmaq  lazım idi. Natiq  qızına  görə  əlindən  gələni  etmək  istəsə  də  özündən iyrənirdi..  İndi  vicdanı ilə  baş- başa  qalıb düşünürdü.  Lakin  hansı  vicdanı ilə?   O,heç  bir  vicdan  filan  tapa  bilmədi.  Onu  itirmişdi.  Əslində  bu illər  ərzində  vicdanının itdiyini  deyil , oldüyünü düşündü.  Çünki itmiş  olsa  eşələyib  nə isə  tapardım , deyib fikirə  daldı.  Yox  idi.   O,  vicdanı tərpədib  onun olmadığına əmin olan kimi səhərki  yalanlar  haqqında  düşünməyə  başladı.  İmrana görə  Dürdanə  xanıma, Pəriyə görə   İmran müəllimə və ən yenisi özünə görə  arvadına nələrsə  deyib,  uydurmalı  idi. Axı  onlar gecəyarıdan  sonraya  vədələşmişdilər.

Dərya(Nailə) Qılıc

Seçilən
14
moderator.az

1Mənbələr