ABŞ-nin, İsraillə İran arasında baş verən 12 günlük qarşıdurma zamanı Yüksək İrtifa Hava Hücumundan Müdafiə Sistemi (THAAD) raketlərinin təxminən 25 faizini istifadə etdiyi bildirilir.
"Cebheinfo.az" xəbər verir ki, CNN-ə danışan mənbələrin məlumatına görə, ABŞ-nin hazırda malik olduğu 7 THAAD sistemindən ikisi qarşıdurma zamanı İsrailə yerləşdirilib.
İstifadə edilən raketlərin sayının istehsal gücü ilə müqayisədə olduqca yüksək olduğu və bu miqdarın istehsal imkanlarını xeyli üstələdiyi qeyd olunur.
Rəsmilər bildirir ki, İsrail-İran qarşıdurması zamanı ABŞ ordusunun 100 ilə 150 arasında THAAD raketi atdığı təxmin edilir.
Təqaüddə olan yüksək rütbəli bir hərbi rəsmi bildirib:
“ABŞ bu müharibədə THAAD ehtiyatlarının təxminən dörddə birini istifadə edib”. Dörd keçmiş ABŞ müdafiə rəsmisi də vurğulayıb ki, xüsusilə Çinə qarşı caydırıcılıq baxımından həyati önəmə malik olan bu ehtiyatlar hazırda kritik səviyyədədir.
Digər tərəfdən, 2026-cı il üçün nəzərdə tutulan müdafiə büdcəsində 37 yeni THAAD sisteminin alınması planlaşdırılır.Büdcədə müdafiə sənayesi infrastrukturunun gücləndirilməsi üçün 1,3 milyard dollar, raket və sursat istehsalını artırmaq üçün isə əlavə 2,5 milyard dollar ayrıldığı bildirilir.
Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi 2025-ci il büdcəsinə əsasən cəmi 11 yeni THAAD raketi istehsal etmişdi.Amerikanın Milli Təhlükəsizlik üzrə Yəhudi İnstitutu (JINSA) tərəfindən hazırlanan analizə görə, ABŞ qarşıdurma zamanı THAAD sistemi ilə İrandan atılan təxminən 201 raketi zərərsizləşdirib.
Qeyd olunur ki, mövcud istehsal imkanları ilə ehtiyatların əvvəlki səviyyəyə çatdırılması üçün 3 ildən 8 ilə qədər vaxt tələb oluna bilər.