AZ

Kapitanın etirafı: AZAL təyyarəsi bilərək vurulub, məsuliyyət Moskvadadır

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Tural İrfan: Faktlar və etiraflar tamamilə təsdiq edir ki, təyyarə qəsdən vurulub

AZAL təyyarəsini vuran rusiyalı kapitanın səs yazısı yayılıb. 

D. Paladiçuk səsyazısında etiraf edir ki, hələ dekabrın 15-də kor-koranə, hədəfi görmədən atəş açmalı olub. 

Bu etiraf hadisənin təsadüfi olmadığını və ciddi təhlil tələb etdiyini göstərir. Bu məsələ iki dövlət arasında hələ də həll olunmamış qalır. Diplomatik gərginlik isə davam edir.

Politoloq Tural İrfan Sherg.az-a açıqlamasında Rusiyanın AZAL-a məxsus təyyarəni vurmasının Azərbaycanla münasibətləri gərginlik həddinə çatdırdığını söyləyib:

"Faktlar və etiraflar tamamilə təsdiq edir ki, təyyarə qəsdən vurulub. Lakin buna görə Rusiya nə üzrxahlıq edib, nə təzminat ödənilib, nə də cinayətkarlar cəzalandırılıb. Rusiyalı kapitan D. Paladiçukun yayılan səs yazısında da etiraf edilir ki, təyyarəni məhz o atəş açaraq vurub. Təbii ki, məsuliyyəti yüngülləşdirmək üçün guya kor-koranə, hədəfi görmədən atəş açdığını deyir. Ancaq hər bir halda bu cinayətin etirafıdır və məsuliyyət yaradır. Məsələnin həlli əvəzinə Rusiya əksinə daha da münasibətləri tarıma çəkəcək addımlar atdı və soydaşlarımıza qarşı həbs, qətl, sürgün etmək kimi qanunsuz əməllərə əl atdı. Şübhəsiz ki, qonşu ölkələr olaraq bu durum məqsədəuyğun deyil. Ancaq burada Azərbaycanın yox, Rusiyanın boynuna məsuliyyət düşür. Məsələnin həlli yalnız Rusiyanın rəsmi olaraq üzrxahlıq etməsi və günahkarları cəzalandırması ilə mümkündür. Ziyan çəkənlərin ailələrinə təzminat verilməsi də vacibdir. Üstəlik də pozulmuş münasibətlərin bərpasının uzanması ölkəmizin də xarici siyasətində mövqe dəyişikliyinə, əsasən iqtisadi, ticari məsələlər ətrafında alternativ seçim etməsinə səbəb ola bilər".

Ekspert Rusiyanın bütün dünyanın hədəfinə tuş gəldiyi bir məqamda Azərbaycanla münasibətləri bu həddə çatdırmasının yalnız öz ziyanına olduğunu bildirib: 

"Məsələ bir qədər də dərinləşərsə Türkiyə ilə Rusiya arasında da soyuqluq yarana bilər. Ukrayna müharibəsində yanlış addımları ilə böyük güclərin hədəfinə çevrilən Rusiya regionda əlavə gərginlik yaratmaqla özünü blokadaya yaxınlaşdırır.

Ancaq ümid edirəm ki, Rusiya sonda məsələnin həllinə doğru addım atmağa məcbur olacaq. Çünki bu məsələnin həll edilmədən qalması və ya daha da gərginləşməsi ilk növbədə özünün ziyanınadır. Təbii ki, burada maraqlı qüvvələr də var. İran əsasən Zəngəzur dəhlizinin əleyhinə mövqe tutan dövlət olaraq Rusiya ilə eyni cəbhədən çıxış edir və təbii ki, Azərbaycanla münasibətlərin qaydaya düşməsinin də əleyhinədir. ABŞ-nin və Avropanın da müəyyən maraqlarına həm cavab verə, həm də toxuna bilər. Odur ki, ümumiyyətlə gərginliyin artması, əsasən regionda vəziyyəti narahatverici hala gətirib çıxara bilər ki, bu da həm ABŞ-nin həm də Avropanın maraqlarına ziddir. Təbii ki, Rusiya vaxtında gərginliyin aradan qalxması və münasibətlərin bərpa olunması üçün müvafiq addımlar atmasa regionda gərginlik arta, Türkiyənin də ciddi narahatlığına səbəb ola bilər".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
1
sherg.az

2Mənbələr