AZ

Sakit dalğalar altında susmuş faciələr

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Hər yay fəslində eyni mənzərə təkrarlanır. Xəbər portallarında “dənizdə batanlar” başlıqları bir-birini əvəz edir. Gah bir ailə üzvü, gah da gənc bir insan həyatını dalğalar içində itirir. Bəzən dənizin sakitliyi, bəzən də qadağan olunmuş ərazilərdə üzmək istəyimiz bu faciələrin səbəbi olur.

Amma qəribə burasıdır ki, biz yenə də dənizə axışırıq. Sanki o bizi çəkir. Sanki hər faciədən sonra bir müddətlik qorxsaq da, yenidən o mavi səssizliyə dönürük. Bəlkə də bu, dənizin içimizdəki azadlıq hissini oyatması ilə bağlıdır. Ya da həyatın hər gün artan səs-küyündən, ekrandan, qayğılardan qaçıb, özümüzü sükutun ortasında tapmaq istəyimizlə…

Dəniz bizə həm səssizliyi, həm də qorxunu verir. O, eyni anda həm sakitlik simvoludur, həm də ölümlə üz-üzə gəlmə yeridir. Çünki dənizlə zarafat olmaz. O, sənin nə qədər yaxşı üzgüçü olmağını soruşmaz. Qaydaya əməl etməmisənsə, bir anda səni özü ilə apara bilər.

Dənizdəki faciələrin bir çoxu qadağan olunmuş yerlərdə üzmək, çimərliklərdə təhlükəsizlik qaydalarına əməl etməmək, uşaqlara nəzarətsizlik və alkoqollu vəziyyətdə suya girmək səbəbindən baş verir. Bəzən isə sadəcə ehtiyatsızlıq, “mənə heç nə olmaz” düşüncəsi ilə…

Dəniz cazibəlidir, çünki o bizim dərinlərimizə toxunur. Lakin hər gözəllik məsuliyyətlə sevilməlidir. Dənizi qorumaq, ondan zövq almaq üçün onun sərhədlərinə hörmət etmək vacibdir.

Bu yay da dəniz bizi çağırır. Biz də gedəcəyik. Amma bu dəfə bir fərq olsun. Özümüzü, yaxınlarımızı və dənizin içindəki sirli təhlükəni unutmayaq.

Leyla Mirzə, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
bizimyol.info

1Mənbələr