“Nikol Paşinyanla kilsə arasında mövcud gərginliyin əslində iki əsas səbəbi var – taktiki və strateji. Taktiki səbəblərə gəlincə, Paşinyan artıq seçki prosesinə start verib. Seçki marafonu başlayıb və bu prosesdə, eləcə də onun nəticələrindən sonra atılacaq addımlarda ən çox müqavimət göstərə biləcək qüvvələrin başında kilsə gəlir. Paşinyanın bu istiqamətdə əsas məqsədi kilsənin seçki prosesində onun əleyhinə fəaliyyət göstərməsinin qarşısını almaqdır. Yəni, kilsənin resurslarından istifadə edərək onu hədəfə alan qüvvələri səfərbər etməsini əngəlləməyə çalışır. Bu səbəbdən də kilsənin rəhbərliyini və imkanlarını nəzarət altına almağa çalışır. Bunun müxtəlif nümunələri var: Məsələn, Baqratyanın siyasi proseslərdə fəallığı, bəzi kilsə nümayəndələrinin açıq şəkildə Paşinyanın daxili siyasətinə, Azərbaycan, Türkiyə və Rusiya ilə bağlı siyasətinə qarşı çıxması”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Nazim Cəfərsoy deyib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanla kilsə arasında yaşanan gərginlik yeni mərhələyə keçib. Mövcud qarşıdurmanın nəticələri İrəvandakı siyasi rəqiblər üçün də maraq doğurur. Bəzi ekspertlərin fikrincə, əgər kilsədə nəzərdə tutulan struktur və idarəetmə islahatları uğurla həyata keçirilərsə, bu, Paşinyanın mövqeyini gücləndirəcək, rəqiblərinin zəifləməsinə, hətta siyasi arenadan tamamilə çəkilməsinə səbəb ola bilər.
Siyasi şərhçi bildirib ki, Paşinyanın əsas məqsədi bu fəaliyyəti məhdudlaşdırmaq, kilsəni siyasi proseslərdən uzaqlaşdırmaq və əlindəki kompromatlar, eləcə də inzibati resurslar vasitəsilə onun təsirini zəiflətməkdir.
“Bu, taktiki baxımdan ən yaxşı müdafiənin hücum olduğu prinsipinə əsaslanır. Paşinyan bu prosesi seçkilərə qədər davam etdirmək niyyətindədir. Bu gərginlik zaman-zaman artacaq, zaman-zaman azalacaq, lakin ümumi istiqaməti Paşinyan müəyyən edəcək. Gözlənilir ki, bu məsələ kilsə rəhbəri ilə Paşinyan arasında zaman-zaman alverin, gizli danışıqların mövzusu olacaq. Əgər kilsə Paşinyanın təklif etdiyi razılaşmanı qəbul edərsə, onun rəhbəri və seçkiyə təsiri olan digər fiqurlar prosesdə neytral qalarsa və ya aktiv müxalif fəaliyyət göstərməzsə, Paşinyan gərginliyi nəzarətdə saxlaya biləcəyini düşünür. Amma əksinə, əgər kilsə Paşinyanın təkliflərini qəbul etməzsə və ictimaiyyətdəki nüfuzunu artıraraq onu ciddi müxalif qüvvəyə çevirərsə, o zaman Paşinyan bütün inzibati və hüquqi resurslarını işə salacaq. Kəşfiyyat, polis və digər strukturlar vasitəsilə bu təsiri zəiflətməyə çalışacaq, kompromatlarla təzyiqlər göstərəcək, nəticədə kilsəni siyasi meydandan sıxışdırmağa cəhd edəcək. Müvəqqəti razılaşmalar mümkündür, amma bu daha çox taktiki mərhələni əhatə edəcək. Strateji baxımdan isə Paşinyanın erməni kilsəsinə münasibəti mənfi deyil, lakin kilsənin çox müdaxiləçi olduğunu düşünür. Onun nəzarət altına alınmasını vacib sayır. Paşinyana görə kilsə “Reallıqla barışmış Ermənistan” konsepsiyasına deyil, “Böyük Ermənistan”, “Azərbaycan və Türkiyə düşmənçiliyi” və “Rusiya dayaqları” kimi ideyalara xidmət edir. Bu da Paşinyanın siyasi baxışları ilə ziddiyyət təşkil edir”.
Siyasi şərhçi əlavə edib ki, strateji səviyyədə Paşinyan kilsənin təsir imkanlarını məhdudlaşdırmaq və onu siyasi hakimiyyətə tabe olan bir quruma çevirmək istəyir:
“Konstitusiya islahatları çərçivəsində də kilsənin statusu və təsir imkanlarının məhdudlaşdırılması gündəmdədir. Bu proses artıq başlayıb və müəyyən nəticələr verə bilər. Əgər hakimiyyət Paşinyanda qalarsa və o prosesi başa çatdırmağa nail olarsa, bu, kilsənin müqavimətini nəticəsiz qoyacaq. Beləliklə, həm taktiki, həm də strateji baxımdan Paşinyanın layihəsi gerçəkləşə bilər. Təbii ki, bu, Paşinyan hakimiyyətdə qaldığı və siyasi proseslərdən kənarlaşdırılmadığı təqdirdə mümkün olacaq”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az