AZ

ABŞ səfiri Fələstin dövlətini ələ saldı - ABŞ-a güvənmək olar?


Elşən Manafov: “Fransanın regiondakı maraqları bunu zəruri edib və Yaxın Şərqin ən fəal oyunçularından biridir”

İsrailə dəstəyi ilə tanınan ABŞ-ın İsraildəki səfiri Mayk Xakabi sosial şəbəkələrdəki paylaşımlarında Fransanın Fələstin dövlətini tanımasına sərt reaksiya verib.

Fransa prezidenti Makronu hədəfə alan Xakabi onun Fələstin dövlətini tanıma qərarını ələ salıb: "Makronun birtərəfli “Fələstin dövləti” elanında bunun harada olacağı göstərilmədi. İndi isə Fransanın (Fələstin dövləti üçün) Fransız Rivierasını təklif edəcəyini və yeni ölkənin adının belə olacağını deyə bilərəm”.

Xakabi başqa bir paylaşımında isə yazır: "Nə qədər ağıllıca bir qərardır! Makron bir dövlətin varlığını "elan edə" bilərsə, bəlkə də İngiltərə Fransanı Britaniya müstəmləkəsi "elan edə" bilər!"

ABŞ səfirinin Fələstin dövlətini belə ələ salmasına nə ad verək? Makron hər nə qədər yaramaz olsa da, axı Fələstin dövlətinin var olmaq haqqı da var.

“Səfirin açıqlaması Vaşinqton və Parisin Yaxın Şərq probleminin həllinə fərqli mövqe sərgiləmələrindən irəli gəlir”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov hesab edir ki, Makronun məlum addımı beynəlxalq hüquqa əsaslanır: “Fələstinin müstəqilliyi hazırda BMT-yə daxil olan 193 dövlətdən 147-si tərəfindən tanınıb. Avropa İttifaqına daxil olan ölkələrdən son olaraq onu tanıyanlar İspaniya, İrlandiya, Norveç və İslandiya olub. Bu dövlətlər 2024-cü ilin noyabrında Fələstini müstəqil dövlət olaraq tanıdıqlarını bəyan ediblər. Fransa “Böyük Yeddilər”ə daxil olan dövlətlər sırasında bu addımı ilk atıb. Bu ilin iyununda İran və İsrail arasında başlanmış müharibə rəsmi Parisin bu qərar ilə çıxış etməsini müəyyən mənada gecikdirib. Makronun bu addımı atması əvvəla Fələstin-İsrail münaqişəsinin tənzimlənməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının hələ 1947-ci ilin noyabrında qəbul etdiyi 181 saylı qətnamənin tələblərindən irəli gəlir. Digər tərəfdən, Fransanın regiondakı maraqları bunu zəruri edib. Fransa Yaxın Şərqin ən fəal oyunçularından biridir. O uzun müddətdir ki, bölgənin ərəb dövlətlərinə silah ixrac edir, digər tərəfdən özünün enerji təhlükəsizliyinin əhəmiyyətli hissəsini ərəb regionundan idxal etdiyi neft və qaz resursları hesabına təmin edir. Bəlli qərarın qəbul edilməsinə səbəb olan diğər mühüm amil Fransanın 2027-ci il seçkiqabağı ölkə daxili siyasi reallıqlarıdır. Ölkənin sol mərkəz müxalif qüvvələri, ilk növbədə Fransa Sosialist Partiyası artıq bu qərarı alqışlayıb. Zira Sosialist Partiyası Sosialist Beynəlmiləlçiliyinə daxil olan digər solçu siyasi partiyalar kimi problemin BMT-nin məlum qətnamələrinin ruhuna uyğun olaraq, yəni “iki xalq, iki dövlət” modeli əsasında həllini dəstəkləyib. Fransada müxalifətdə olan sağ mühafizəkar Xalq Cəbhəsi isə öz lideri Li Peninin bəyanatı ilə Makronun bu qərarına qarşı çıxış edib. Li Penə görə "Həmas" qruplaşması BMT-nin bu qətnaməsini qəbul etmir və İsrailin özünün təhlükəsizlik "qayğılarından" çıxış edərək BMT qərarlarına qarşı çıxması və ABŞ tərəfindən dəstəklənməsi də bundan irəli gəlir. Yəni dolayısı yolla Li Pen Makronu "Həması" qane edəcək addıma görə tənqid edib. Avropadakı müttəfiqlərdən rəsmi London Parisin ardınca belə bir addım atacağını istisna etməsə də, Almaniya hökuməti İsraillə əlaqələri, habelə məsələyə ABŞ-ın münasibətini nəzərə alaraq bu məsələdə "tələsik qərarın" qəbul edilməsinin yolverilməz olduğunu bəyan edib. Ərəb ölkələri arasında Fransanın bu qərarın qəbul edilməsinə vasitəçilik təsiri göstərmiş Səudiyyə Ərəbistanı Makronun bu qərarını alqışlayıb. MDB dövlətləri, Rusiya daxil olmaqla, məlum münaqişənin bir qayda olaraq BMT-nin bu münaqişə ilə bağlı məlum qətnaməsinin tənzimlənməsinin tərəfdarı olduqlarını dəfələrlə bəyan ediblər. Rəsmi Bakının da mövqeyi məhz BMT qətnamələrinin məlum münaqişə ilə bağlı qərarlarına söykənir. ABŞ-ın İsraildəki səfirinin məlum qərarla bağlı açıqlaması isə Tramp iqtidarı dövründə ABŞ və Fransanın Ukrayna, Yaxın Şərq problemlərinin həllinə fərqli mövqe sərgiləmələrindən irəli gəlir. Məhz Fransa prezidenti Makron Ukrayna böhranı ilə bağlı məsələlərə Trampın Avropa İttifaqını qane etməyən hərəkətlərinə görə "Arzu edənlərin" koalisiyasının təşkili və beləliklə Trampa təzyiqi gücləndirməyin təşəbbüskarlarından olub. Makron Avropa siyasi elitasında qlobalistlərin - Rotşildlərin təmsilçisidir və ultraqlobalist Trampla onun fərqli səngərlərdə yer alması faktdır”.

Vidadi ORDAHALLI

Seçilən
15
baki-xeber.com

1Mənbələr