“Qarabağ”ın gənc qapıçısı Sadiq Məmmədzadənin Offsideplus.az saytına müsahibəsi
– “Difai”yə keçidinizlə bağlı proses nə yerdədir?
– Proses tamamlanmaq üzrədir, təkcə müqavilə imzalanmayıb. Zədəmlə bağlı hazırda fizioterapiyaya gedirəm. Buna görə müqavilə məsələsi bir qədər ləngidi. Maksimum on günə prosesin başa çatacağını düşünürəm.
– Serbiyanın “Belqrad” klubuna keçəcəyiniz gözlənilirdi. Niyə məhz “Difai”ni seçdiniz?
– Bəli, mənim Serbiya variantım var idi. Ancaq həm mental, həm də dil bilikləri baxımından özümü daha da təkmilləşdirmək üçün “Belqrad”dan müvəqqəti imtina etməli oldum.
– Müvəqqəti deyəndə, təxminən nə vaxta kimi nəzərdə tutursunuz?
– Ola bilsin ki, gələn il yenidən bu məsələyə qayıdaq. Yəni Serbiya variantı hələ də qüvvədədir. Onsuz da, mənim fikrim Avropada oynamaqdır. Ancaq hələlik bir il burada qalmalıyam ki, gələcəkdə mənə daha rahat olsun. İki-üç il ərzində yaxşı bir yerdən təklif gələrsə, mütləq qəbul edəcəyəm. Qısası, Azərbaycanda qalmaq fikrim yoxdur.
– Deyəsən, “İmişli” variantı da var idi.
– Bəli.
– Bəs niyə alınmadı?
– Orada oynamaq üçün şans az idi. Bilirsiniz ki, Ağdamın “Qarabağ” klubunda çox oynamamışam. Son bir ildə altı-yeddi oyuna çıxmışam, ya yox. Oynamaq şansım az olsa da, bu bir il mənə çox şey qazandırdı. Zubir, Koxalski kimi peşəkar futbolçularla məşq etmək mənim üçün böyük təcrübə oldu. Bundan sonra özümü daha da təkmilləşdirmək istəyirəm. Hazırda mənə oyun təcrübəsi lazımdır. Buna görə də “Difai”ni seçdim.
– Sizcə, I Liqada qazanacağınız təcrübə Avropaya gedən yolda yetərli olacaqmı?
– Mənim üçün hazırda aşağı, yoxsa yuxarı liqa olmasının fərqi yoxdur. Əsas odur ki, oynayım. Sırf buna görə “Difai”ni seçmişəm.
Üstəlik, əvvələ baxanda indi I Liqanın səviyyəsi artıb. Premyer Liqaya qalxmaq uğrunda gedən mübarizə də prosesə müsbət mənada təsir edir. Fikrimcə, burada mənim üçün yaxşı olacaq.