AZ

Trampın təyyarə qalmaqlı yenidən qızışır

Trampın

Qətərin kral ailəsi tərəfindən ABŞ prezidenti Donald Trampa hədiyyə edilən "Boeing 747-8" təyyarəsinin yenidən xüsusi təchiz olunma xərcləri haqqında yeni ehtimallar ortaya çıxıb.

Reyting.az
xəbər verir ki, "The New York Times" nəşrinin yazdığına görə, Ağ ev sahibinə bağışlanan bu təyyarənin təchizatına lazım olan bütün xərclər nüvə qüvvələrinin modernləşdirilməsi proqramına daxil edilib.

Büdcəyə nəzarət edən bəzi konqresmenlər Pentaqonun "diqqət çəkməyən sənədində" tamamilə məxfi və adı açıqlanmayan bir layihə üçün ayrılmış 934 milyon dollarlıq məbləğ görüblər. Bu vəsait konqresmenlərin ehtimal etdiyi kimi,məhz elə prezident təyyarəsinin yenidən təchizatına ayrılıb. Ancaq prezident üçün nəzərdə tutulmuş bu yeni "bort bir"-in təchizat dəyəri barədə hələ də dəqiq xəbər verilmir.

ABŞ Hərbi Hava Qüvvələrinin rəhbəri Troy Meynke Konqres qarşısında çıxışı zamanı deyib ki, yeni təyyarənin faktiki modernləşmə xərcləri çox güman 400 milyon dollardan az olacaq.

Lakin Hərbi Hava Qüvvələrinin rəsmiləri anonim şəkildə etiraf ediblər ki, əslində "hava gəmisinin bir saylı bortu"-nun təkmilləşdirilməsi üçün lazım olan bütün vəsait çoxdan ayrılıb, üstəlik, büdcəni aşan, eyni zamanda da cədvəldən geridə qalan başqa bir layihədən yönləndirilib.

Etibarlı mənbələrin məlumatına görə, burada söhbət ABŞ-nın köhnəlmiş yerüstü nüvə raketlərinin modernləşdirilməsini nəzərdə tutan "Sentinel" proqramından gedir.

Qəzet yazır ki, prezidentə hədiyyə edilən təyyarə ən azı rabitə, həm də bort müdafiə sistemlərinin tamamilə yenilənməsini tələb edir.

Qalmaqal doğuran bu mövzu ilə bağlı müxtəlif materiallar dərc edən "The New York Times" qəzeti ilə yanaşı bir çox nüfuzlu nəşrlər yeni təyyarə barədə xeyli araşdırmalar, ehtimallar, fərziyyələr dərc ediblər. Uzun müddətdir istefada olan və bir zamanlar ABŞ prezidentinin mühafizə xidmətində çalışdığını iddia edən keçmiş cangüdən, anonim imza ilə qeyd olunan şəxs öz "X" səhifəsində hətta prezidentin rüşvət ala biləcəyinə də eyham vurub. Amerikalı sosial şəbəkə istifadəçisi Tramp haqqında yazıb:

"Qətər kralının mayda Donald Trampa təyyarə hədiyyə etməsi hamıya məlumdur. Hədiyyə tək təyyarədir? Bəlkə başqa bəxşişlər də olub?"

Nəşr xüsusilə vurğulayır ki, ümumiyyətlə, amerikalı rəsmilərin hədiyyə ilə bağlı bəzi şübhələrinə görə təyyarəyə gizli dinləmə cihazları quraşdırıla bilər. Bu isə problemi aradan qaldırmaq üçün "həssas məsələ" kimi əsas, həmçinin vacib tapşırıq olaraq qalır.

Bununla belə, həm də ehtimal edilir ki, təyyarə uzun müddət ərzində istifadə olunmayacaq: işlərin tamamlanması ən azı bir və ya iki il çəkəcək, bundan sonra isə Tramp 2029-cu ildə öz postunu tərk etdikdən sonra təyyarə onun prezident kitabxanasına veriləcək.

Xatırladaq ki, bu ilin may ayında Ağ ev Qətərdən "uçan saray" adı ilə tanınmış dəbdəbəli dizaynlı "Boeing 747-8" təyyarəsi alıb. Məlumata görə, D. Tramp administrasiyası həmin təyyarədən yeni prezident təyyarəsi kimi istifadə etməyi planlaşdırır.

Nəşr daha sonra xatırladır ki, hazırda Prezident donanmasında 1990-cı ildən istismarda olan iki "Boeing 747" və "Boeing-200" təyyarəsi istifadə olunur.

ABŞ-nın Hərbi Hava Qüvvələri belə köhnə təyyarələrin tezliklə əvəzlənməsi məqsədilə "Boeing"şirkəti ilə müqavilə də bağlayıb. Lakin məlum olub ki, texniki gecikmələr səbəbindən yeni təyyarələrin ABŞ ordusuna, HHQ-ə 2029-cu ildən tez təhvil verilməsi mümkün olmayacaq.

Oqtay QORÇU
Seçilən
17
reyting.az

1Mənbələr