AZ

"Qarabağ"ın prezidenti: “Hədəfimiz böyükdür, “Şelburn” bu yolun ilk addımıdır”

“Qarabağ” Futbol Klubunun prezidenti Tahir Gözel 2025–2026-cı illər mövsümündəki ilk ev oyunu ərəfəsində klubun rəsmi saytına müsahibə verib.

Operativ Media xəbər verir ki, klub rəhbəri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn”la keçirilmiş ilk oyun, cavab qarşılaşması və transfer planları ilə bağlı fikirlərini bölüşüb.

Tahir Gözel komandanın yeni mövsümə Çempionlar Liqasının oyunu ilə başladığını qeyd edərək bildirib:

“Ardıcıl 4-cü, ümumilikdə isə 11-ci dəfə bu nüfuzlu turnirdə iştirak edirik. İrlandiyada “Şelburn”la qarşılaşdıq və çətin oyun olmasına baxmayaraq, 3:0 hesabı ilə qalib gəldik. Bu nəticə bizi sevindirsə də, arxayınlaşmaq olmaz. Çünki Çempionlar Liqasında zəif rəqib olmur. Rəqib İrlandiya çempionudur və cavab oyunu da asan keçməyəcək”.

Klub prezidenticavab görüşünün mövsümdəki ilk ev oyunu olacağını vurğulayaraq azarkeşləri stadiona dəvət edib:

“Komandamız bu qarşılaşmaya ciddi hazırlaşır. İlk ev oyununda azarkeşlərimizin qarşısında layiqli oyunla qələbə qazanmaq və növbəti mərhələyə adlamaq istəyirik. Azarkeşlərimizi stadiona gəlməyə və komandamızı dəstəkləməyə çağırıram. Onların dəstəyi komandaya əlavə güc verir”.

Tahir Gözel transfer məsələsinə də toxunub. Onun sözlərinə görə, artıq yeni transferlər komandaya qoşulub və onların bir qismi meydanda özlərini göstərib:

 

“Yeni transferlərimizi həm təlim-məşq toplanışında, həm də “Şelburn”la oyunda izlədik. Onların komandaya fayda verəcəyinə inanıram. Hücum xəttinə və hücuma dəstək verəcək mövqelərə daha bir neçə oyunçu transfer etmək niyyətindəyik. Eyni zamanda digər mövqelərdə də güclənmək üçün çalışırıq. Baş məşqçimizin istədiyi oyunçuları heyətə qatmaq üçün əlimizdən gələni edirik”.

Sonda klub rəhbəri azarkeşlərə müraciət edərək əlavə edib:

“Azarkeşlərimiz daha güclü “Qarabağ” görmək istəyir. Onlar əmin ola bilər ki, biz də bu məqsədlə bütün vasitələrdən istifadə edirik. Qarşıda bizi həm daxili yarışlarda, həm də avrokuboklarda önəmli oyunlar gözləyir. Hədəflərimiz böyükdür və “Şelburn” bu yolda ilk addımdır”.

Seçilən
13
operativmedia.az

1Mənbələr