"Yeni transferlər etmək istəyirik". 

Offsideplus.az xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun prezidenti Tahir Gözel klubun saytına açıqlamasında söyləyib. Klub rəsmisi Ağdam təmsilçisinin yeni futbolçularını dəyərləndirib, transfer planları barədə danışıb:

“Yeni mövsümə yeni transferlərlə başlamışıq. Onlardan bəzilərini artıq meydanda da görmüşük. Həm Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində keçirilən yoxlama oyunlarında, həm də “Şelburn”la qarşılaşmada yeni transferlərdən bəziləri meydana çıxıblar. Digərləri də növbəti görüşlərdə şans qazanacaqlar. Onların mövsüm ərzində komandaya faydalı olacaqlarına, uğurlar qazanmaqda kömək edəcəklərinə inanıram. Yeni transferlər etmək istəyirik. Baş məşqçimiz və texniki heyət komandanı oyunlara hazırlamaqla paralel şəkildə transferlər üzərində də çalışır. Onların lazım bildiyi mövqeləri gücləndirmək üçün istədiyi futbolçuları almağa çalışırıq. Ön xəttə - hücumçu və hücuma dəstək verəcək mövqelərə oyunçu istəyirik. Digər mövqelərdə də faydalı olacaq futbolçuların keçidi variantları yaranarsa, heyətimizi onlarla da gücləndirəcəyik. Bizdən asılı olan hər şeyi edirik. İnanıram ki, yaxın zamanda istəyimizə nail olacağıq. Azarkeşlərimiz daha güclü “Qarabağ” görmək, bunun üçün yeni transferlər istəyirlər. Onlar əmin ola bilər ki, biz də komandanın güclənməsi üçün bütün vasitələrdən istifadə edirik. Hansı mövqelərə hansı futbolçunu almaq lazımdırsa, həmin keçidi gerçəkləşdirəcəyik”, deyə T.Gözel qeyd edib.