
"Çimərlikdə baş verən faciələrin böyük əksəriyyəti insan faktoru səbəbindən baş verir. Yəni, qarşısı alına biləcək səhvlər ucbatından insanlar təhlükəli vəziyyətlə üz-üzə gəlirlər.Dəniz istirahəti insanların diqqətini cəlb edən istirahət növlərindən və məkanlarından biri hesab olunur. Amma bu gözəllik çox tez və qəfil bir şəkildə insanların həyatına təhlükələr yarada bilər".
Gender.Az bildirir ki, bu sözləri Demokrat.az-a açıqlamasında təhlükəsizlik eksperti Orxan Musayev deyib.
O bildirib ki, insanlar dənizdə istirahət edərkən təhlükəli tərəflərin olduğunu unudurlar:
"Təəssüf ki, spirtli içki qəbul edərək suya girmək, uşaqları nəzarətsiz buraxmaq, qadağan olunmuş ərazilərdə çimmək hələ də adi bir davranış hesab olunur.İnsanlar yalnız nəzarət olunan və rəsmi şəkildə fəaliyyət göstərən çimərliklərdən istifadə etməlidirlər.
Bu məkanlarda Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasedici heyəti mövcuddur".
Onun sözlərinə görə, çimərliklərdə xilasedici xidməti mövcud olmadığına görə hər hansı bir fövqəladə hal baş verərsə, insan həyatını xilas etmək mümkün olmur:
"Nəzarət olunan çimərliklərdə suyun dərinlik dərəcəsi müəyyən olunur və ayaq altında insanlara xəsarət yetirə biləcək daşlar, daş parçaları, qayalar təmizlənmiş şəkildə olur.Dənizə girməzdən əvvəl hava şəraiti, küləyin gücü, dalğanın hündürlüyü nəzərə alınmalıdır.
Hətta peşəkar üzgüçülər belə meteoroji faktorların təsiri ucbatından özlərini itirə bilirlər.Maarifləndirici və təbliğat xarakterli işlər daha da dərinləşdirilməlidir.İnsanlar dalğaların insan bədəninə təsirini, axına düşəndə nə baş verir, boğulma zamanı insan bədənində hansı proseslər gedir, bunlar barədə agah olmalıdırlar".
Ekspert deyib ki, insanlar tərəfindən qaydalar pozulduqda, bu barədə həm ictimai qınaq, həm də inzibati qaydada cərimə tədbirləri görülməlidir ki, faciəvi hallar baş verməsin:
"Boğulma hadisələrinin çoxu saniyələr içində səssiz və xəbərsiz baş verir.İnsanlar qışqırmır, sadəcə suyun altında itir.Hər il baş verən faciələrin təkrarlanmasına səbəb ehtiyatsızlıq və heç nə olmaz düşüncəsidir ki, bu düşüncədən qurtulmalıyıq".
Əfsanə Kamal