AZ

Epşteyn işi: Mask, Klinton və digərlərinin adı siyahıda

Epşteyn işi: Mask, Klinton və digərlərinin adı siyahıda

Amerikalı maliyyəçi Ceffri Epşteynin yetkinlik yaşına çatmayanlara qarşı törətdiyi əməllərdə ittiham olunan köməkçisi Gileyn Maksvell ABŞ baş prokurorunun müavini Tod Blanşa Epşteynlə əlaqəli şəxslər barədə bildiyi bütün məlumatları verib.

AFN.az xəbər verir ki, bu barədə Britaniyanın "The Daily Mail" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, həmin siyahıda təxminən 100 iş adamı və siyasətçi var. Onların arasında amerikalı sahibkar İlon Mask və qardaşı Kimbal, “Microsoft” texnoloji nəhənginin banisi Bill Geyts, ABŞ-ın keçmiş prezidenti Bill Klinton (1993–2001-ci illərdə prezident olub) və Britaniya şahzadəsi Endryu yer alır. Qeyd edilir ki, məhz İlon Mask Epşteyn işi üzrə bəzi sənədlərin gizlədildiyini söyləyərək ictimai rezonansa səbəb olub. Qəzetin mənbələrinə əsasən, Maskın özü də həmin sənədlərdə adı çəkilən şəxslərdəndir.

Keçən həftə Maksvell ilə ABŞ baş prokurorunun müavini arasında bir neçə görüş keçirilib. İstintaqla əməkdaşlıq etdiyi üçün Epşteynin köməkçisinə “məhdud toxunulmazlıq” verilib. "The Daily Mail" yazır ki, hakimiyyət orqanları Maksvelli təhlükəsizliyi ilə bağlı artan narahatlıqlara görə Tallahassi federal həbsxanasından (Florida ştatı) köçürməyi planlaşdırır. Qəzetin mənbəsi bildirib: “İşdə adı keçən hər kəsə ölüm təhdidləri gəlir”.

Bildirilib ki, Tod Blanş ABŞ prezidenti Donald Trampla Şotlandiyadan qayıtdıqdan sonra Gileyn Maksvellin cəzasının yüngülləşdirilməsi və ya əfv olunması məsələsini müzakirə edəcək.

2022-ci ildə Nyu-York məhkəməsi Britaniya vətəndaşı olan Maksvelli yetkinlik yaşına çatmayanların cinsi istismarı ilə bağlı 20 il həbs cəzasına məhkum edib. Prokurorluğun iddiasına görə, Maksvell Epşteynlə yaxın münasibətdə olub və onun üçün qurbanlar taparaq, həmin qızları nüfuzlu şəxslərə cinsi xidmət göstərməyə vadar edib, üstəlik onların polisə müraciət etməməsi üçün şərait yaradıb.

Epşteyn Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən 2019-cu il iyulun 6-da saxlanılıb. Prokurorluq 2002–2005-ci illərdə onun Manhettendəki evinə onlarla yetkinlik yaşına çatmayan qızın gəldiyinə dair sübutlar olduğunu bildirib. Qızlardan ən gənci cəmi 14 yaşında olub. Epşteynin dostları və tanışları arasında ABŞ və digər ölkələrin bir çox keçmiş və hazırkı dövlət xadimləri, böyük biznes nümayəndələri və şou-biznes ulduzları olub. Epşteynə qarşı cinayət təqibi 2019-cu il avqustun 10-da həbsxana kamerasında intihar etməsindən sonra dayandırılıb.

Seçilən
22
afn.az

1Mənbələr