Etik hədləri aşan bəyanatlar və ritorika
Rusiya telekanallarının Azərbaycan əleyhinə kampaniyası son günlər daha geniş vüsət alıb.
Gözlənildiyi kimi, bu sırada yenə də propaqandist Vladimir Solovyov öndə dayanır.
Vladimir Solovyov özünün “Youtube” platformasındakı kanalı ilə yanaşı, Rusiyanın “Rossia 1” dövlət kanalındakı müəllif verilişində də bütün etik hədləri aşaraq, Azərbaycan əleyhinə bəyanatlar səsləndirir. Diqqətçəkən məqam odur ki, Solovyovun verilişinin qonaqları da, əsasən, Azərbaycan əleyhinə təbliğatın başında dayanan, ölkəmizə qarşı düşmən mövqe tutan Marqarita Simonyan, Kontantin Zatulin, Semyon Baqdasarov və digərləridir.
Solovyovun ekranı qaralır
Rusiyanın əsas təbliğat maşını Solovyov son vaxtlar, demək olar ki, bütün verilişlərini Azərbaycana hücum üzərində qurub, qonaqları ilə birlikdə Bakının ünvanına hədyanlar səsləndirir.
Bu səbəbdən də bir müddətdir ki, Solovyovun verilişləri Azərbaycanda nümayiş olunmur, onun müəllifi olduğu proqram başlayanda yayım dayandırılır, ekran qaralır.
Çünki Azərbaycan tamaşaçısı propaqandist Solovyovun və qonaqlarının Azərbaycan əleyhinə böhtan, təhqir dolu bəyanatlarını eşitmək, onlara baxmaq məcburiyyətində deyil.