Finss.az - Bazar ertəsi neft qiymətləri bahalaşaraq bazarlarda müsbət əhval-ruhiyyə yaradıb.
Brent markalı neftin sentyabr fyuçersləri London ICE birjasında 1,25 dollar və ya 1,83% artaraq 69,69 dollar/barel səviyyəsinə çatıb. WTI nefti isə Nyu-York NYMEX birjasında 1,15 dollar (1,76%) bahalaşaraq 66,31 dollar olub.
Sessiyanın əvvəlində Brent nefti 70,35 dollara, WTI isə 67,06 dollara qədər qalxsa da, qiymətlər sonradan bir qədər geri çəkilib. Artıma səbəb kimi ABŞ və Avropa İttifaqı arasında əldə olunan ticarət razılaşması və bunun qlobal neft tələbinə olan inamı artırması göstərilir.
Digər tərəfdən, ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı sərt mövqeyi və Ukrayna ilə sülh sazişi üçün müəyyən etdiyi vaxt çərçivəsini 50 gündən 10-12 günə endirməsi bazarda qeyri-müəyyənlik yaradıb. Tramp bildirib ki, əgər Moskva bu müddətdə sülhə razılaşmasa, Rusiya nefti üçün 100%-lik gömrük rüsumları tətbiq olunacaq.
Mütəxəssislər bildirirlər ki, bu bəyanatlar neftin tədarük zəncirində potensial riskləri artırıb və qiymət dəyişkənliyinə təkan verib.
OPEC+ ölkələrinin Monitorinq Komitəsi (JMMC) isə bazar günü keçirilən iclasda may-iyun aylarında hasilatın ümumilikdə kvotalara uyğun olduğunu təsdiqləyib və uyğunluq göstərməyən ölkələrdən 18 avqusta qədər yeni kompensasiya planları tələb edib.