AZ

Süni intellekt üçün standartlaşdırılmış gələcək ŞƏRH

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) süni intellekt sahəsində idarəetmənin keyfiyyətini və etik normalarını təmin etmək məqsədilə AZS ISO/IEC 42001:2025 “İnformasiya texnologiyası - Süni intellekt - İdarəetmə sistemi” dövlət standartını qəbul edib. Standart süni intellekt texnologiyalarının tətbiqi zamanı risklərin idarə olunması, etik prinsiplərin qorunması, şəffaflıq və texnoloji davamlılıq kimi prinsiplərə əsaslanır. Bu addım “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt strategiyası”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının bir hissəsi kimi reallaşdırılıb və artıq Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Yeni qəbul olunmuş AZS ISO/IEC 42001:2025 dövlət standartı Azərbaycanda süni intellekt texnologiyalarının daha dayanıqlı və effektiv tətbiqi üçün institusional baza rolunu oynayacaq. Bu standart təkcə texniki tənzimləmə və idarəetmə çərçivəsi kimi yox, həm də texnoloji inkişafın etik, sosial və hüquqi aspektlərini nəzərə alan strukturlaşdırılmış yanaşma kimi mühüm əhəmiyyət daşıyır. Qlobal miqyasda süni intellekt texnologiyalarının sürətlə yayılması fonunda belə idarəetmə modellərinin qəbul olunması həm iqtisadi təhlükəsizlik, həm də insan hüquqlarının qorunması baxımından vacibdir.

İnformasiya texnologiyaları sahəsində standartlaşdırmanın gücləndirilməsi, süni intellekt sistemlərinin strukturlaşdırılmış şəkildə idarə olunması üçün vacib mexanizmdir. Risk əsaslı yanaşma və etik tələblərin inteqrasiyası, sistemlərin istismarında proqnozlaşdırıla bilənlik və davamlılığı artırmaqla yanaşı, texnologiyanın cəmiyyətə təsirini minimallaşdırmaq məqsədinə xidmət edir. Belə bir standartın qəbul olunması Azərbaycanda süni intellekt sahəsində beynəlxalq texniki normalara inteqrasiyanın və texnoloji proseslərin sistemli şəkildə inkişaf etdirilməsinin göstəricisidir.

Bu standartın iqtisadi əhəmiyyəti də diqqətdən kənarda qala bilməz. İlk növbədə, süni intellekt sahəsində fəaliyyət göstərən texnoloji startaplar və iri İKT şirkətləri üçün standart əsaslı iş mexanizmi hüquqi və institusional sabitlik yaradır. Standartın tətbiqi həmçinin yerli məhsulların və xidmətlərin beynəlxalq bazarlara çıxış imkanlarını artırır. Çünki ISO və IEC kimi beynəlxalq qurumların standartlarına uyğunluq, dünya miqyasında qəbul edilən texniki normaların bir parçasına çevrilmək deməkdir. Bu isə öz növbəsində Azərbaycan istehsalçılarının süni intellekt məhsulları ilə bağlı etimad qazanmasına və investorların marağının artmasına şərait yaradır.

Eyni zamanda AZS ISO/IEC 42001:2025 standartı dövlət və özəl sektor arasında süni intellekt sahəsində əməkdaşlıq imkanlarını da genişləndirə bilər. Çünki standart yalnız texniki tələbləri deyil, həm də idarəetmə strukturlarını, audit və monitorinq mexanizmlərini, etik prinsiplərə riayət qaydalarını əhatə edir. Bu isə innovasiya fəaliyyətinin hüquqi mühitlə uzlaşmasını və normativ-hüquqi bazanın çevikliyini təmin edir. Hazırda bir çox ölkələrdə süni intellektə dair hüquqi və etik boşluqlar ciddi risklər doğurduğu halda, Azərbaycanın belə proaktiv addımlar atması, texnologiyanın tənzimlənməsi sahəsində strateji yanaşma tətbiq etməsinin göstəricisidir.

Seçilən
6
aznews.az

1Mənbələr