Bu yay “Qarabağ”la yolları ayrılmış futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Rüstəm Əhmədzadə “Sumqayıt”a keçib.
Arena.az bu barədə Sumqayıt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.
“Gənclik şəhəri” təmsilçisi azad agent statusuna malik hücumçu ilə razılığa gəlib. 24 yaşlı oyunçu yeni klubu ilə 1 illik müqaviləyə imza atıb.
Ukraynanın “Minay” klubunun yetirməsi olan Rüstəm “Qarabağ”a 2022-ci ilin yanvarında 200 min avro müqabilində keçmişdi. Hücumçunun Ağdam klubu ilə sözləşməsinin müddəti 2026-cı ilin 30 iyununa qədər idi.
Rüstəm Ağdam təmsilçisinin heyətində Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub. O, “Qarabağ”da cəmi 8 oyuna çıxıb, fərqlənə bilməyib.
Rüstəm Əhmədzadə 2022-ci ilin iyul ayından bu yaya qədər icarə əsasında “Zirə”də çıxış edirdi. 24 yaşlı forvard qəsəbə təmsilçisinin heyətində meydana çıxdığı 96 oyunda 8 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub.
Əhmədzadə 2021-ci ilin iyun ayında debüt etdiyi Azərbaycan millisinin heyətində 10 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, “Sumqayıt” daha öncə Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom və Rayan Senhadjini də heyətinə qatmışdı. Miloş Miloviç, Rövlan Muradov, Momo Yansane, Murad Xaçayev, Elvin Bədəlov, Cəsurbek Caloliddinov, Bobur Abduholikov, Silvanus Nimeli, Uğur Cahangirov, Sərtan Taşkın, Alan Dias və Georgi Xaraişvili ilə komandanı tərk ediblər. İsa Suliman və Roi Kehatla da yeni müqavilə imzalanıb.