Əli Orucov: “Bu zaman nəinki ixrac, Rusiya heç daxili tələbatı belə ödəyə bilməyəcək”
“Kommersant” qəzeti öz mənbələrinə istinadən xəbər verir ki, Rusiya hökuməti benzinin ixracına tam qadağa qoyulması barədə qərar layihəsi hazırlayıb. Sənəd baş nazir Mixail Mişustin işgüzar səfərindən qayıtdıqdan sonra imzalanmalıdır.
Embarqonun avqustun 1-də qüvvəyə minməsi və sentyabrın sonuna qədər mümkün uzadılması ilə ən azı bir ay müddətinə tətbiq ediləcəyi gözlənilir. Nəşr qeyd edir ki, hazırda həftədə xaricə təxminən 40-50 min ton benzin göndərilir. Benzinin ixracının dayandırılması qiymətləri tarixi zirvələrə yaxınlaşan yanacaq bazarını soyutmağa hesablanıb. Rusiya Yanacaq İttifaqının rəhbəri Yevgeni Arkuşa qeyd edir ki, bazara yanacağın tədarükünün azalması neft emalı zavodlarının bəzi planlaşdırılmış dayandırılmalarının may ayından iyul ayına qədər təxirə salınması ilə bağlıdır. Onun sözlərinə görə, daxili tələbatdan bir az artıq benzin istehsal edilir.
O da məlum olub ki, Rusiya neft məhsullarının ixracına qoyulan məhdudiyyətlər Tacikistana təsir etməyəcək, çünki 2013-cü ildən respublika onları hər il güzəştli şərtlərlə (Rusiya tərəfinə ixrac rüsumu ödəmədən) tərəflərin bağladığı hökumətlərarası sazişə əsasən alır.
Maraqlıdır, Rusiyada yanacağın belə qıt olması Ukrayna ordusunun bu ölkənin neftayırma zavodlarına vurduğu zərbələrin nəticəsi ola bilərmi?
“Strateji obyektlərin vurulması prosesi çox uğurla davam etdirilir, yaxın perspektivdə yanacaqla bağlı problem daha da kəskinləşə bilər”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP funksioneri Əli Orucov bunu istisna etmədi: “Heç şübhəsiz bu, Ukrayna ordusunun endirdiyi zərbələrlə bilavasitə əlaqəlidir. Çünki Rusiyada yanacaq qıtlığı yeni deyil. Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibədən sonra sözügedən problem özünü göstərir. Müharibəyə qədər Rusiyada il ərzində 45 milyon ton neft emal edilirdisə, onun 5 milyon tonu digər ölkələrə ixrac edilirdi. Yerdə qalan 40 milyon ton daxili tələbatın ödənilməsinə sərf olunurdu. 2023-cü ildən başlayaraq Ukrayna ordusunun Rusiyanın neft emalı zavodlarına endirdiyi uğurlu zərbələr nəticəsində yanacaq qıtlığı özünü göstərməyə başladı. Ukrayna ordusu sərhəddən 2-3 min kilometr uzaqda olan yanacaq emalı müəssisələrini belə vurur. Ukraynanın belə əməliyyatlar keçirməsinin səbəbi həm də onunla əlaqədardır ki, Rusiya kütləvi şəkildə Ukraynanın elektrik stansiyalarını bombalayır. Məsələnin digər tərəfi onunla əlaqədardır ki, vurulan yanacaq emalı zavodlarının bərpası çox çətin və mürəkkəb prosesdir. Həm də buna böyük vaxt lazımdır. Üstəlik, oradakı avadanlıqların mühüm bir hissəsi xaricdə istehsal edilir. Rusiya da Qərbin sanksiyaları altında olduğu üçün həmin avadanlıqları ala bilmir. Ona görə də Rusiyada yanacaq qıtlığı hər keçən gün özünü daha çox göstərir. Nəzərə alsaq ki, Ukrayna ordusu Rusiyanın strateji obyektlərinin vurulması prosesini çox uğurla davam etdirir, yaxın perspektivdə yanacaqla bağlı problem daha da kəskinləşə bilər. Bu zaman nəinki ixrac, Rusiya heç daxili tələbatı belə ödəyə bilməyəcək”.
Vidadi ORDAHALLI