AZ

Gürcüstan 3 ölkəni birləşdirən dəmiryoluna dəvət olundu - Azərbaycansız bu iş baş tutar?..


Firdovsi Şahbazov: “Azərbaycanın ora dəvət edilməməsində hansısa qəbahət yoxdur”

İyulun 23-də Özbəkistanın nəqliyyat naziri İlxom Mahkamov Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə danışıqlar aparıb. Bu barədə Özbəkistanın Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüşün əsas mövzuları avtomobil və dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də Gürcüstanın dəniz limanlarından istifadə etməklə beynəlxalq multimodal nəqliyyat dəhlizlərinin inkişafı olub. İlhom Mahkamov Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinin vacibliyini vurğulayıb və Gürcüstan tərəfini layihədə iştirak imkanlarını nəzərdən keçirməyə dəvət edib. Onun sözlərinə görə, yeni magistral, Orta Dəhliz də daxil olmaqla, beynəlxalq nəqliyyat marşrutları sisteminə inteqrasiya oluna bilər.

Maraqlıdır, dəmir yolu ilə bağlı keçirilən tədbirə Azərbaycan dəvət edilməyib. Məgər Azərbaycansız bu layihə həyata keçə bilər?

“Orta Asiya dövlətləri istəyir ki, Tbilisi ilə təmaslar daha intensiv səviyyədə qurulsun və nəticədə...”

Sözügedən məsələyə aydınlıq gətirən iqtisad elmləri üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanın ora dəvət edilməməsində hansısa qəbahət yoxdur: “Ən azından ona görə ki, Azərbaycanla Özbəkistan arasında münasibətlər çox yüksək səviyyədədir. Azərbaycan Orta Dəhlizin əsas halqasıdır. İyulun 23 də Özbəkistan və Azərbaycan nəqliyyat nazirlikləri arasında keçirilən görüş əsasən ikitərəfli xarakterli olub. Bu görüşdə təkcə nəqliyyatla bağlı məsələlər deyil, digər məsələlərlə bağlı da fikir mübadiləsi aparılıb. O cümlədən, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinin vacibliyi və bu prosesdə Gürcüstan tərəfininin iştirak imkanları müzakirə edilib. Çünki Gürcüstan Orta Dəhlizin bir halqasıdır. Nə qədər ki, Zəngəzur dəhlizi işə düşməyib, Orta Dəhliz vasitəsi ilə bütün yüklər Gürcüstandan keçəcək. Zəngəzur dəhlizi işə düşəndən sonra tranzit yüklərin daşınması bölünəcək. Bir qismi Gürcüstan üzərindən, digər qismi Zəngəzur dəhlizi üzərindən dünya bazarına, əsasən də Avropa bazarına daşınacaq. Zəngəzur dəhlizi ilə ildə 15 milyon ton yükün daşınması planlaşdırılır. Bu, kifayət qədər böyük həcmdir. Orta Asiya dövlətləri istəyir ki, Tbilisi ilə təmaslar daha intensiv səviyyədə qurulsun və nəticədə Gürcüstan Orta Dəhliz layihəsində daha fəal iştirak etsin. Çünki Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu istifadəyə veriləndən sonra tranzit daşımaların həcmi daha da artacaq”.

Vidadi ORDAHALLI

Seçilən
15
baki-xeber.com

1Mənbələr