AZ

Rusiya mediasından Bakının neft siyasətinə qərəzli hücum... "Rusiya özü Norveçin yarısı qədər də..."


Rus KİV-ində Azərbaycan qeyri-peşəkar şəkildə və qeyri-adekvat dövlətlərlə müqayisə edilir

Rusiyanin hibiny.ru saytında guya hansısa adı çəkilməyən sosial iqtisadçı Azərbaycanın neftdən gələn gəlirlərinin səmərə verməməsinin səbəblərinə "aydınlıq gətirib".

Birincisi, "təhlildən" görünür ki, bunun müəllifi rusiyalı olsa da, heç də pesəkar iqtisadçı deyil. Çünki peşəkar iqtisadçı heç vaxt neft gəlirlərinin idarə edilməsində lider ölkə ilə 25-ci ölkəni müqayisə etməz. Ona görə ki, bu ölkələrin gəlirləri və əhalisi müqayisə üçün adekvat deyil. Məsələn, bu mövzuda Səudiyyə Ərəbistanı ilə Rusiya müqayisə edilə bilər. Ona görə ki, onlar neft və qaz hasilatına və ehtiyatlarına görə yaxın pillələrdə, eyni zamanda liderlər sırasında yer alırlar. Peşəkar iqtisadçı heç vaxt bu səhvi buraxmaz.

"Bəzən “Qafqazın Kaliforniya ştatı” adlandırılan Azərbaycan, neftinə rəğmən niyə varlana bilməyib? Paradoksal olsa da, oxşar resurslara malik olan Qətər, Səudiyyə Ərəbistanı və Oman öz sərvətlərini dünyaya nümayiş etdirməklə böyük uğurlara imza atıblar.

“Kristan” kanalının aparıcısı olan sosial iqtisadçı Bakının yoxsulluğunun səbəblərini açıqlayıb. Onun fikrincə, sadəcə olaraq mineral ehtiyatların olması sərvətə zəmanət vermir.

Necə olur ki, Səudiyyə Ərəbistanının sərvəti bu qədər göz qabağındadır? Bu ölkədə neft gəlirləri vətəndaşlar arasında bölünür, deyə iqtisadçı izah edib. Qətər isə əldə etdiyi gəliri şəhərlərin inkişafına yatırır" - hibiny.ru saytında dərc edilən məqalədə deyilir.

Sərvətlərin növü oxşar ola bilər, amma əsas məqam sərvətin həcmi və əhalinin sayıdır. Məsələn, Rusiya Federasiyası dünya sərvətlərinin 40 faizini özündə cəmləşdirdiyi halda, dünya əhalisinin cəmi 2 faizinə malikdir. Yəni Rusiyanın sərvətləri dünya əhalisinə bərabər paylansaydı, dünya əhalisinin 40 faizini yaşatmağa kfayət edərdi. Bəs nədən Kreml dünya əhalisinin 2 faizini bu qədər sərvətlə normal yaşada bilmir? Nədən Rusiya əhalisinin payına 20 dəfə çox sərvət düşməsinə rəğmən o ağır durumda yaşayır, Səudiyyə Ərəbistanı vətəndaşları qədər firəvan yaşamır? Bunun kifayət qədər səbəbləri var. Məsələn, Səudiyyə Ərəbistanınin 28,6 milyon əhalisi var, amma Rusiyanın əhalisi 160 milyon nəfərdir. Səudiyyə Ərəbistanı müharibə aparmır, Rusiya isə bütün qonşularla düşməndir, Ukrayna ilə üzücü müharibə aparır və s.

Yeri gəlmişkən, Rusiya dünyada neft ehtiyatlarına və hasilatına görə 3-cü, qaz ehtiyatlarına görə 1-ci, qaz hasilatına görə isə yalnız ABŞ-dan sonra 2-ci yeri tutur.

Məqalədə Azərbaycanla müqayisə edilən ölkələrin karbohidrogen ehtiyatlarına və hasilatına görə mövqelərinə nəzər salsaq, ədalətsizliyi görmək üçun heç mütəxəssis də olmağa ehtiyac qalmır. Bu xüsusda neft ehtiyatlarına görə ölkələrin reytinqinə nəzər yetirsək görərik ki, Səudiyyə Ərəbistanı dünyada 2-ci, Qətər 14-cü, Azərbaycan isə 18-ci pillədədir. Lakin ehtiyatlar hələ əsas deyil.

Gündəlik neft hasilatına görə Səudiyyə Ərəbistanı dünyada 2-ci, Qətər 17-ci, Azərbaycan isə 22-ci yerdədir.

Qaz ehtiyatlarına görə Qətər dünyada 3-cü, Səudiyyə Ərəbistanı 6-cı, Azərbaycan isə 22-ci yerdə qərarlaşır.

Qaz hasilatına görə Qətər dünyada 5-ci, Səudiyyə Ərəbistanı 9-cu, Azərbaycan isə 25-ci yerdə qərarlaşıb.

Bu göstəricilər sübut edir ki, Azərbaycan adekvat ölkələrlə müqayisə edilmir.

Bu, məsələnin bir tərəfidir.

Digər tərəfdən, Azərbaycan hökuməti son 30 ildə şərqli-qərbli bütün dünyanın dəstək verdiyi, Rusiyanın xüsusi olaraq himayə etdiyi Ermənistanla münaqişə şəraitində yaşayıb. 2020-ci ilə qədər çoxlarının qibtə edəcəyi bir ordu qurub və işğal altında olan 20 faiz ərazisini oz gücünə azad etdi. Həmin vaxtdan indiyə qədər Azərbaycan dövlət büdcəsi işğaldan azad edilmiş torpaqlara 13,6 milyard dollar (23 milyard manat) investisiya qoyub. Hazırda işğaldan azad ərazilərin bərpası prosesi davam edir. Neft Fondundan təhsilə, səhiyyəyə, gənclərin inkişaf etdirilməsinə, qaçqın və məcburi köçkünlərin sosial-iqtisadi inkişafına, əhalinin su təminatına, yol, işıq və digər infrastruktur layihələrinə yüz milyardlarla manat vəsait xərclənib. 20 il əvvəl Azərbaycan kəndlərinin yolları cəbhə yollarını xatırladırdı. Hazırda, demək olar ki, bütün kənd yolları şəhərdəki kimi asfaltlanıb.

Hazırda isə Avropa ölkələri, xüsusilə də Fransa bizə düsmən gözü ilə baxan Ermənistanı silahlandırır. Ona görə də Azərbaycan hökuməti də silahlanmaya pul xərcləmk məcburiyyətində qalır. Düşmən silahlanırsa, biz də silahlanmalıyıq. Bu gün nə Səudiyyə Ərəbistanı, nə də Qətərin belə bir problemi var. Bu ölkələrdə dünya lideri olan ABŞ hərbi bazalarının olması onların müstəqilliyinə müəyyən xələl gətirsə də, bu bazalar həm də onların təhlükəsizlik qarantı hesab edilir. Azərbaycan isə öz təhlukəsizliyini özü təmin edən bir dövlətdir.

Onu da qeyd edək ki, hazırda Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin həcmi 70 milyard dollar, strateji valyuta ehtiyatlarının həcmi isə 11 milyard dollardan çoxdur. Aktivlər hər il Azərbaycan dövlətinə yüz milyonlarla dollar dividend gətirir.

Akif NƏSİRLİ

Seçilən
4
baki-xeber.com

1Mənbələr